Tramp erməniləri şoka saldı, İrəvanın üç ay vaxtı qalıb

0

ABŞ-da hakimiyyətin dəyişməsi ilk növbədə Ermənistan üçün yaxınlaşmaqda olan geopolitik fəlakət ssenarisinin reallığa çevrilmə ehtimalının əsas əlaməti sayıla bilər, indi rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin mümkün qədər sürətlə imzalanmasına nail olmaq barədə daha ciddi düşünmək məcburiyyətində qalıb… Üstəlik, bundan sonra rəsmi İrəvanın hətta iki ölkə arasında imzalanacaq hüquqi sənədin məzmununa öz mövqeyini yerləşdirmək cəhdinə belə, imkanı qalmaya bilər, Paşinyan hakimiyyəti əsas regional məsələləri məhz Azərbaycanın şərtləri çərçivəsində həll etməyə məcbur duruma düşmək üzrədir…

ABŞ-da keçirilmiş növbəti prezident seçkilərinin nəticələri dünya ölkələri arasında özəl maraqlar çərçivəsində dəyərləndirilir. Belə ki, Bayden administrasiyası ilə münasibətlərində ziddiyyətlər olan dövlətlər demokratların prezidentliyə namizədi, vitse-prezident Kamala Harrisin seçki məğlubiyyətindən məmnundurlar. İndi yeni Tramp administrasiyası ilə daha sıx münasibətlər qurmaq üçün artıq çoxdan hərəkətə keçmiş kimi görünürlər. Və bu qeyri-rəsmi təmasların hələ prezident seçkilərindən xeyli əvvəl başlanıldığı da inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, respublikaçı Donald Trampın prezident seçilməsindən ən çox məyus olan ölkələrin sırasında Ermənistan ön sıralarda yer alır. Ermənistan siyasi dairələrinin verdiyi ilkin reaksiyalardan belə anlaşılır ki, rəsmi İrəvan Donald Trampın yenidən Ağ Evin sahibinə çevrilməsidən ciddi təşvişə düşüb. Baş nazir Nikol Paşinyan Donald Trampı prezident seçilməsi münasibətilə təbrik etmiş olsa da, əslində, rəsmi İrəvan bunu Ermənistan üçün ən arzuolunmaz ssenari hesab edir. Və hazırda ABŞ-da hakimiyyət dəyişikliyinin Ermənistanın gələcək taleyinə necə təsir edə biləcəyi ciddi şəkildə müzakirə edilməkdədir.

Məsələ ondadır ki, rəsmi İrəvan hazırda ABŞ ilə çox yaxın münasibətlər qurmağa nail olub. Hətta Bayden administrasiyası birmənalı şəkildə ermənipərəst mövqe tutmaqdadır. ABŞ Cənubi Qafqaz siyasətini məhz Ermənistan üzərindən reallaşdırmağa çalışır. Ağ Ev Ermənistana həm hərbi, həm də siyasi dəstək verməklə diqqəti çəkir. Bu səbəbdən də, rəsmi İrəvan Ağ Evə güvənərək, regional sülh prosesindən uzaqlaşmağa da cəsarət edir. Və ABŞ-ın kobud müdaxiləsi hazırda Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması qarşısında ən ciddi əngəlləyici faktorlardan sayılır.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin yaxın gələcəklə bağlı olduqca uzaqgedən planları var idi. Rəsmi İrəvan sülh prosesini mümkün qədər uzatmaqla, ABŞ və Qərbin dəstəyini alaraq, Azərbaycana qarşı revanşist niyyətlər güdürdü. ABŞ, Avropa Birliyi və Fransanın yardımları ilə Cənubi Qafqazda geopolitik şərtləri Ermənistanın xeyrinə dəyişə biləcəyinə böyük ümidlər bəsləyirdi. Və bu hədəflərinə çatmaq üçün ABŞ başda olmaqla, Qərbdən gələn bütün təlimatları qeyd şərtsiz icra edirdi.

Ancaq Donald Trampın seçki qələbəsi rəsmi İrəvanın bütün məkrli planlarını boşa çıxara bilər. Belə ki, Ağ Evin yeni sahibi davranışları və siyasi reaksiyaları əvvəlcədən proqnozlaşdırılması olduqca çətin olan bir siyasətçidir. Üstəlik, Donald Trampın verdiyi siyasi qərarları daha çox biznes adamına xas olan prinsiplər üzərindən qəbul etdiyi də inkaredilməz reallıqdır. Və bu, o deməkdir ki, Ağ Evin yeni sahibini ermənipərəst mövqeyə yönəltmək üçün ilk növbədə onu biznes adamı kimi atacağı addımların sərfəli olduğuna inandırmaq lazım gələcək.

Önəmli məqamlardan biri də ondan ibarətdir ki, Donald Tramp erməni diasporunu ciddiyə almağa həvəs göstərmədiyini də artıq sübuta yetirib. Belə ki, 44 günlük ikinci Qarabağ savaşı dövründə ABŞ prezidenti olan Donald Tramp Cənubi Qafqazda baş verənlərə müdaxilə etməyə qətiyyən ehtiyac duymadı. Ona görə də, ABŞ uzun müddət Azərbaycan və Ermənistan arasındakı müharibəni sadəcə, müşahidə etməklə, savaşın sonuna qədər bir neçə “növbətçi bəyanat” verməklə kifayətləndi. Və bununla da ABŞ-da fəaliyyət göstərən erməni diasporunun ciddi narazılığına səbəb oldu.

Belə anlaşılır ki, yaxın dörd il ərzində erməni diasporunun Ağ Evin Cənubi Qafqaz siyasətinə təsiri yenə də effektiv xarakter daşımayacaq. Əksinə, erməni diasporunun oyundan kənar vəziyyətə düşmək ehtimalı tamamilə inandırıcı görünür. Bu baxımdan, rəsmi İrəvanın ABŞ-ın indiki maksimal dəstək səviyyəsini dəyişməz saxlaya bilməsi olduqca qəliz məsələ təsiri bağışlayır. Və əgər, Ermənistan Ağ Evin dəstəyini itirərsə, Avropa Birliyinin də rəsmi İrəvanı indiki kimi himayə etməsi mümkün olmayacaq.

Digər tərəfdən, ABŞ və Avropa Birliyi arasında gözlənilən siyasi ziddiyyətlər də Ermənistanın gələcək taleyinə neqativ məzmunda təsir edə bilər. Belə ki, Ağ Evlə münasibətlərdə ciddi problemlərin yaranacağı təqdirdə, bu qurumun Ermənistanı himayə etməyə indiki kimi həvəsinin qalacağına inanmaq çox çətindir. Hər halda, belə olacağı təqdirdə, Avropa Birliyi Ermənistanın deyil, məhz öz gələcək taleyini xilas etmək üçün çıxış yolları axtarmaq məcburiyyətində qala bilər. Və bu baxımdan, Ermənistanı ABŞ-la yanaşı, Avropa Birliyinin himayəsini də itirmək təhlükəsi gözləyir.

Təbii ki, bütün bunlar reallığa çevrilərsə, Ermənistan Cənubi Qafqazda yenidən təklənmiş vəziyyətə düşə bilər. Paşinyan hakimiyyətinin son illərdə yürütdüyü Qərbə yaxlnlaşma siyasi kursu nəticəsində Rusiyaya edilən xəyanət də nəzərə alınarsa, Ermənistanın necə geopolitik kollapsa düşə biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Son vaxtlar rəsmi İrəvanın Ermənistanla müttəfiqlik anlaşması olan Rusiyanın deyil, Ukraynanın yanında yer alması da Kremlin “dərs vermə” metodlarını sərtləşdirə bilər. Və bu o deməkdir ki, Paşinyan hakimiyyəti öz kobud səhvləri ilə Ermənistanın hətta mövcudluğunu belə, ciddi təhlükə qarşısında buraxıb.

Bütün bunlardan belə anlaşılır ki, Donald Trampın yenidən prezident seçilməsi ilk növbədə Ermənistan üçün “qara günlər”in yaxınlaşmaqda olmasını reallıqdan qətiyyən uzaq olmayan əsas əlaməti sayıla bilər. Ona görə də, indi rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin mümkün qədər sürətlə imzalanmasına nail olmaq barədə daha ciddi düşünmək məcburiyyətindədir. Üstəlik, bundan sonra rəsmi İrəvanın hətta imzalanacaq hüquqi sənədin məzmununa öz mövqeyini yerləşdirmək cəhdinə belə, imkanı qalmaya bilər. Yəni, Paşinyan hakimiyyəti əsas regional məsələləri Azərbaycanın şərtləri çərçivəsində həll etməyə məcbur duruma düşmək üzrədir. Və bütün bunlar üçün Ermənistanın nə az, nə çox təxminən üç aya yaxın vaxtı qalıb. (Müsavat)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir