TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək
Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı keçirilib, toplantının yekunlarına dair Birgə Bəyannamə qəbul edilib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, TDT-nin Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısında iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır qonaqları salamlayaraq toplantının işinə uğurlar arzulayıb. Keçiriləcək müzakirələrin və ikitərəfli görüşlərin səmərəli olacağına, gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə töfhə verəcəyinə ümidvar olduğunu bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev təşkilata üzv dövlətlər arasında tarixi və mədəni ortaqlığın zəruriliyindən irəli gələn əməkdaşlığın önəmini vurğulayıb və qarşılıqlı fəaliyyətin gücləndirilməsində toplantının əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Toplantıda çıxış edən Mikayıl Cabbarov qardaş Türkiyəyə səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrimizin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir. Bildirilib ki, Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Vurğulanıb ki, İstanbulda keçirilən bugünkü tədbir qeyri-neft sənayesinin inkişafı, ticarət və investisiyaların təşviqi, KOB, müasir texnologiyaların tətbiqi, elm, innovasiya və rəqəmsallaşma sahələrində təşəbbüslərimizin artırılması imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Həmçinin, qeyd olunub ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən yeni sənaye zonalarının yaradılması, bu ərazilərdə sahibkarlar üçün əlverişli təşviq paketlərinin qəbulu, regionun yaşıl enerji zonası elan edilməsi inkişafın sürətləndirilməsinə yönəlmiş addımlardandır.
İqtisadiyyat naziri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək ölkəmizin elan etdiyi müxtəlif qlobal təşəbbüsləri də diqqətə çatdırıb.
Tədbirdə qeyd edilib ki, TDT ölkələri üçün investisiyalar iqtisadi inkişaf və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bundan irəli gələrək investisiyalar sahəsində də TDT ölkələri arasında son illərdə mühüm işlər görülüb, üzv dövlətlərinin iqtisadi inkişafını stimullaşdırmaq məqsədilə Türk İnvestisiya Fondu təsis edilib. Bundan başqa, Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan və Azərbaycanla Qazaxıstan arasında yaradılmış investisiya fondları ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcək.
Nazir, həmçinin, Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılmasının, Tədqiqat və İnkişaf (R&D) fəaliyyətlərinin vacibliyini vurğulayıb, texnologiya, bilik və maliyyə resurslarına çıxışı asanlaşdıracaq institusional platformalar barədə də məlumat verib, Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.
İclasda təşkilata üzv dövlətlərin təmsilçilərinin çıxışları dinlənilib, Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısının yekunlarına dair Birgə Bəyannamə qəbul edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI