TDT-nin Dəmir Yolu Rəhbərləri Şurasının konsepsiyası hazırlanacaq
Türk Dövlətləri Təşkilatı (TDT) yanında yaradılması planlaşdırılan Dəmir Yolu Rəhbərləri Şurasının konsepsiyasının hazırlanması nəzərdə tutulur.
“Turanın səsi” xəbər verir ki, sənədi təşkilata üzv olan Özbəkistan tərəfi hazırlayacaq və onu TDT-nin Dəmir Yolu İşçi Qrupunun müzakirəsinə çıxaracaq.
Xatırladaq ki, sözügedən Şuranın yaradılması təklifi ilə TDT-nin Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Zirvə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyev çıxış edib. Bununla yanaşı, TDT-nin nəzdində yaradılmış Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupuna Astana sammiti zamanı qəbul edilmiş Təşkilatın 2023-2027-ci il tarixləri üçün Nəqliyyat Əlaqələri Proqramının icrasına dair Birgə Fəaliyyət Planının icrasına nəzarət etmək və zəruri hallarda yerlərdə səfərlər təşkil etmək tapşırılıb.
TDT 2019-cu ildə yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan üzvdür. Macarıstan, Türkmənistan və Şimali Kipr müşahidəçi üzvlərdir. Hər il mütəmadi olaraq TDT-nin iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlər müzakirə edilir.