Sülh sazişi üçün tarix açıqlandı: Sənədin son variantı masaya qoyulub…
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Azərbaycan tərəfi Ermənistanla sülhün əldə edilməsi üçün vacib şərtləri bir daha gündəmə gətirdi. Konstitusiya dəyişikliyi və Minsk qrupunundan imtina ilə bağlı Bakının tələbləri var. Ermənistan tərəfi isə bunu “daxili işlərinə müdaxilə” kimi şərh edir. Sizcə, qarşı tərəfin adekvat yanaşması hansı məntiqə əsaslanır?
– Tərəflər arasında yekun sülh sazişinin əldə olunması üçün sadalanan iki şərtin təmin edilməsi vacibdir. Çərçivə sülh sazişi isə sadə bir sənəddir və bunun üçün hər hansı əlavə şərhlərə ehtiyac yoxdur. Çünki çərçivə sülh sənədi gələcək proseslərin siyasi mahiyyətini müəyyənləşdirir. Həmin sənəddə buna aid hansısa fikir öz əksini tapacaq. Misal üçün çərçivə sülh sazişində göstərilə bilər ki, sülh Ermənistanın ərazi iddiasında rəsmi şəkildə imtinasından sonra mümkün olacaq. Çərçivə sülh sazişinə imza atılarkən referendum keçirilməsə də burada öhdəliklər qeyd edilməlidir. Konkret olaraq Ermənistan öz üzərinə rəsmi şəkildə öhdəlik götürməlidir.
– Belə çıxır ki, Ermənistan konstitusiyasında olan ərazi iddiaları və digər normativ hüquqi aktlardakı əsassız qeydlər ləğv edilməyincə sülh mümkün olmayacaq?
– Sözsüz ki, bu, real olaraq mümkün deyil. Amma bu, çərçivə sülh sazişinin imzalanmasını əngəlləmir. Ona görə də, ehtimal var ki, bu ilin payızına qədər çərçivə sülh sazişinin imzalanması mümkündür. Azərbaycan tərəfindən şərt kimi irəli sürülən məsələlər sırf yekun sülh sazişinə aiddir. Amma çərçivə sülh sazişində buna aid hansısa tezislər qəbul edilə bilər. Yəni tərəflər normativ sənədlərdə olan qeydlərə düzəliş edəcəkləri ilə bağlı öhdəlik götürməsi haqqında mövqeyini ifadə edəcək.
– Bakı və İrəvan arasında sülh sazişinə qədər və ondan sonrakı dövr üçün Minsk qrupunun fəaliyyətinə nə kimi ehtiyac var? Əgər hər iki tərəf bu qurumun fəaliyyətindən bu və ya digər formada yararlanmırsa, onun saxlanması nə dərəcədə məntiqlidir?
– Burada söhbət heç də mövcud prosedurdan getmir. Əslində prosedur çox sadədir. Hansısa qərarın qəbul olunması üçün konsensus olmalıdır. Azərbaycan öz tərəfindən qərar qəbul edib ki, Minsk qrupu artıq yoxdur. Təşkilati məsələlər daimi şurada müzakirə edilərkən, Azərbaycan nümayəndəsi Minsk qrupuna aid maliyyə ayrılmasına və onun fəaliyyətinə veto qoyur. Bu proses bir neçə aydır davam edir. Burada Minsk qrupundan başqa bu məsələ ilə bağlı olan digər qurumlar mövcuddur. Misal üçün ATƏT-in icraçı direktorunun şəxsi nümayəndəsinin ofisi, Anjey Kaspişik və digərləri nəzərdə tutulur. Vyanada yüksək planlaşdırma qrupunun fəaliyyəti də mövcuddur.
– Minsk Qrupunun fəaliyyətinə Azərbaycan birtərəfli qaydada veto qoyduğu halda təşkilat hansı əsasla mövcuğunu saxlaya bilər?
– Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə edilsə idi, bölgəyə sülhməramlı qrup yerləşdiriləcəkdi. Bu əməliyyatı planlaşdırmaq üçün vaxtilə belə bir qrup yaradılmışdı. Artıq ona da ehtiyac olmadığından, maliyyə ayrılması dayandırılıb. Bütün bunlar onu göstərir ki, prosedur baxımından Azərbaycan Minsk qrupunun fəaliyyətini ləğv edib. Bu, sözsüz ki, birtərəfli baş verib. Sadəcə olaraq bu siyasi baxımdan vacib olan addım olacaqdır ki, Ermənistan da bu məsələyə qoşulsun və Minsk qrupunun lazım olmaması barəsində bəyanat versin. Keçmiş Dağlıq Qarabağ mövzusunun bağlandığını erməni tərəfi təsdiq etməlidir. Ona görə də, Minsk qrupundan imtina Ermənistana siyasi mahiyyətli bir çağırışdır. Faktiki olaraq isə Minsk qrupunun fəaliyyəti Azərbaycan tərəfindən dayandırılıb. Azərbaycanın mövqeyi olmasa idi həmsədrlər fəaliyyətini davam etdirə bilərdi.
⤵️
” TURANIN SƏSİ “