Şarl Mişel Azərbaycan və Ermənistana çağırış etdi
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri təzələyir.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.
“Politico” yazır ki, bu görüşlər barədə əvvəllər məlumat verilməmişdi, Ermənistan və Azərbaycan bir-birini sammit çərçivəsində liderlər səviyyəsində görüşməkdən imtina etməkdə suçlayırdılar.
Mişel həmçinin hər iki tərəfə məktub yazıb və onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək, sülh sazişini yekunlaşdırmağa çağırıb.
Nəşr qeyd edir ki, çoxdan gözlənilən razılaşmanın baş tutmadığından və aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Brüsseldə məyusluq artıb.
Mişellə görüşlərinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev bir-biri ilə danışıqlar masası arxasına əyləşmək fürsəti tapa bilməyiblər.
“Politico” yazır ki, Britaniyadakı görüşlər Mişelin rəhbərlik etdiyi aylarla davam edən danışıqlardan sonra və Qərbin yalnız diplomatik həllin regiona sülh gətirə biləcəyi barədə xəbərdarlıqlarına baxmayaraq baş verib.
“İndi gərginlik yenidən yüksəlir və ötən həftə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanı iki ölkənin ümumi sərhədi boyunca təxribatlar törətməkdə ittiham edib və özünümüdafiə üçün əllərində olan bütün vasitələrdən istifadə edərək lazımi cavab tədbirləri görəcəyi ilə hədələyib. Ermənistan bu ittihamların həqiqətə uyğun olmadığını bildirir.
Azərbaycan iki tarixi rəqib arasında güc balansı yaratmaq cəhdi ilə Fransa kimi Aİ ölkələrinin İrəvana verdiyi hərbi dəstəyi də tənqid edib”, – nəşr yazıb.
İyulun 22-də Aİ Şurası Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro məbləğində ilk yardımın göstərilməsinə qərar verib.