Rektor: “Heydər Əliyev insan kapitalının inkişafına xüsusi önəm verirdi”
“Ümummilli Lider Heydər Əliyev insan kapitalının inkişafına, onun ölkə iqtisadiyyatına töhfəsinə xüsusi önəm verirdi”.
“turanın səsi ” xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Bakıda keçirilən “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda deyib.
Onun sözlərinə görə, uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmdə imicini və nüfuzunu müəyyən edir: “İkinci Qarabağ müharibəsi başa çatdıqdan və ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Prioritet istiqamətlərdən biri inklüziv inkişafa nail olmaqdır. Buna əsaslanaraq onu da əlavə etmək olar ki, Heydər Əliyev insan kapitalının inkişafına, onun ölkə iqtisadiyyatına töhfəsinə xüsusi önəm verirdi”.
Rektor bildirib ki, uzaqgörən siyasətçi olan Heydər Əliyev inklüziv inkişafın vacibliyini qabaqcadan görürdü və buna görə də bu gün Azərbaycanda inklüziv inkişaf göstəriciləri kifayət qədər yüksəkdir. U.Ələkbərovun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin siyasəti sayəsində bu sahədə yüksəliş davam edir:
“2015-ci ilin may ayından etibarən bakalavr, magistratura və doktorantura səviyyələrində inklüziv inkişaf fənnini tətbiq edən Azərbaycan bu baxımdan dünyada ilk ölkədir. Hazırda DİM-lərə nail olmaq və inklüziv cəmiyyət formalaşdırmaq üçün Azərbaycanda dövlət idarəetməsində ən son yanaşmalardan və innovativ texnologiyalardan istifadə edilir”.