Rəşad Mahmudov : “Qardaşlığımız da müstəqilliyimiz kimi əbədidir, sarsılmazdır “

0

Fevralın 6-da qardaş ölkədə baş verən və içimizi sızladan dəhşətli zəlzələ nə qədər faciə ilə nəticələnsə də, qüdrətli bir xalqın xarakterini bir daha dünyaya nümayiş etdirdi. Türkiyəmizin böyük bir bölgəsində insanlar zəlzələ zamanı şəhid oldu.

Böyük Türkiyə dövləti, türk xalqı bu dəfə terror, təhdidlərlə deyil, zəlzələ və onun yaratdığı ağır fəsadlarla savaşır. Heç bir ölkənin sığortalanmadığı, ən inkişaf etmiş dövlətlərin belə qarşısında aciz qaldığı dağıdıcı zəlzələnin növbəti hədəfi Türkiyəmiz oldu.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Rəşad Mahmudov öz facebook səhifəsində paylaşaraq bildirmişdir .

Deputat qeyd edib ki , çoxsaylı insan ölümləri ilə müşayiət olunan bu dəhşətli hadisənin kədərli statistikasını ürək ağrısı ilə yaşayırıq. İnsan itkisi durmadan artır. Amma hər şeyə rəğmən, mərd və yenilməz türk xalqı bu sınaqdan da qalib ayrılacaq. Bütün savaşlarda olduğu kimi! Çünki bütün zamanlardakı kimi Türkiyənin taleyin bu sərt imtahanından da şərəflə çıxacağına heç kim şübhə etmir.
Zəlzələnin ilk anındaca Prezident İlham Əliyevin çevik reaksiyası, qardaş ölkəyə peşəkar xilasedicilərimizdən ibarət böyük heyətin ardıcıl şəkildə göndərilməsi, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Türkiyədəki zəlzələdən zərər çəkənlərə ardıcıl humanitar yardımlar bir daha onu sübut etdi ki, rəsmi Bakı bu faciəni özününkü kimi hiss edir və təqdir olunası fəaliyyəti, əməli işi ilə qardaş ölkənin yanındadır!
Bundan başqa, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Türkiyəyə dəstəyi və Bakıda yardım kampaniyasına start verməsi şübhəsiz ki, hər cür alqışa layiqdir. Daha sonra bu humanitar marafonun ölkənin bütün şəhərlərini əhatə etməsi qardaşlıq nümunəsi kimi dostu sevindirməklə yanaşı, türk soyuna düşmən kəsilənləri də pərişan etdi. Fərdi qaydada vətəndaşlarımızın səmimi, ürəklə Türkiyəyə yardım aksiyasına qoşulmaları kövrək, lakin həm də qürurlu bir mənzərə yaratdı. Azərbaycan dövləti, insanlarımız bütün qəlbi ilə Türkiyənin yanındadır, zəlzələni və onun ağrılarını özününkü kimi hiss edir.
Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə zəlzələ bölgəsində fədakarlığı, axtarış-xilasetmə əməliyyatlarında dağıntılar altında qalanların xilas olunması istiqamətində fəaliyyəti də xidməti işdən başqa sevgi üzərində aparılır. Xilasedicilərimizin fəaliyyətini seyr etdikcə bir daha əmin olursan ki, sanki doğmalarını, əzizlərini dağıntılar arasında axtarırlar.
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında Azərbaycan bütün qüvvəsini qardaş ölkədə zəlzələnin yaratdığı fəsadların qaldırılmasına səfərbər olunub, lazımi dəstəyini göstərməkdə davam edir.
Belə ki, ölkə başçısının sözlərinə görə, “Azərbaycan hər zaman olduğu kimi,
ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.”
Azərbaycan liderinin ilk dəqiqələrdən qardaş ölkənin yanında olmasını ifadə edən göstərişləri və dövlətin bu münasibətinə xalqın dəstəyi Türkiyə- Azərbaycan münasibətlərinin səviyyəsini bir daha bütün dünyaya göstərdi. Azərbaycan Prezidenti dövlətimizin bütün resurslarını Türkiyədən olan qardaşlarımıza yardıma səfərbər etməsi ilə qardaşlıq və müttəfiqliyin bütün zamanlar üçün əbədi olmasını təsdiqlədi.
Dünya bir daha şahid oldu ki, Türkiyə ilə Azərbaycan qədər səmimi qardaşlıq nümünəsi yoxdur və iki dövlətin bir milləti sevinci də, kədəri də birgə yaşayır.
Türkiyə elə Azərbaycandır, Vətəndir bizim üçün. Qarabağ Azərbaycan olduğu kimi. Tanrı iki dövlətin bir millətini bir daha sınağa çəkməsin! Səninləyik, əziz Türkiyə .

Qardaşlığımız da müstəqilliyimiz kimi əbədidir!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir