Qardaş ölkə seçkilərlə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib
Türkiyədə mayın 14-də keçiriləcək prezidenti və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, seçkilərin birinci mərhələsi üçün səsvermə 5-8 may tarixlərində baş tutacaq.
Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində keçiriləcək.
Səsvermə Türkiyənin Bakıdakı səfirliyində (Səməd Vurğun küçəsi 134), Gəncə baş konsulluğunda (M.A. Abbaszadə 6) və Naxçıvan baş konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək. Hər 3 məntəqədə səsvermə eyni tarix və saatda baş tutacaq.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək