Leyla Əliyeva Mərakeşdə: ICESCO-nun qərargahında maraqlı görüş
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.
“turaninsesi.az” xəbər verir ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və ICESCO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.
Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina-Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanaqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI