İlham Əliyev Vaşinqton qarşısında şərt qoydu – ABŞ hərəkətə keçib

0

İyunun 20-də ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə növbəti dəfə zəng edib. Dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində davamlı irəliləyişini dəstəklədiyini deyib və gecikmədən sazişin bağlanmasının vacibliyini vurğulayıb.

Son vaxtlar Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münasibətlərində aktivliyi artırması diqqət çəkir. Sanki ABŞ sülh sazişinin bağlanması üçün tərəfləri tələsdirir. Belə rəy yaranır ki, yenidən Vaşinqton masası qurulur – bu dəfə Vaşinqtondan kənarda.

Ortaya suallar çıxır: Qafqazda sülhün yaranmasında Amerika səmimidirmi? Rusiya ABŞ-ın sülh prosesində təşəbbüsü ələ almasına sakit yanaşacaqmı? Fransanın təxribatları, gərginlik yaratması fonunda Ağ Evin Qafqaz siyasətinin anlamı nə ola bilər? 

Turanın səsi ” in məlumatına görə , mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, artıq bu zənglər tez-tez baş tutur:

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması fonunda zənglər edilsə də ABŞ-ın bu addımlarını səmimi hesab etmirəm. Çünki Ermənistana son zamanlarda ard-arda səfərlər, iki ölkə arasında əməkdaşlıq sahəsində imzalanan sənədlər, təhlükəsizliyin təmin edilməsi adı altında atılan addımların, İsveçrədəki sülh sammiti çərçivəsində 100 milyon dollar həcmində yardımın verilməsinin də şahidi oluruq. Əvvəllər bu səfərlər iki ölkəyə də edilirdi”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Entoni Blinkenlə telefon danışığında bir çox məsələləri gündəmə gətirib:

“ATƏT-in Minsk qrupu adlı qeyri-işlək, iflasa uğramış institutun buraxılması ilə bağlı addımın atılmalı olduğunu vurğulayıb. ABŞ həmsədr ölkələrdəndir. Faktiki olaraq Minsk qrupu fəaliyyət göstərmir, onun işinə de-yure  son qoyulmalıdır. Bu institutun fəaliyyəti ilə bağlı görüntü yaratmaq istəyən qüvvələr əslində, keçmiş münaqişənin mövcud olduğunu göstərməyə çalışırlar. Azərbaycan da haqlı olaraq Minsk qrupunun tamamilə dayandırılması mövqeyindən çıxış edir.

Sülh təklifi ilə çıxış edən, beş baza prinsipi irəli sürən tərəf Azərbaycandır. Amma Ermənistan sülh təşəbbüsü etdiyini göstərməyə çalışır. Prezident İlham Əliyev bir daha ABŞ dövlət katibinin diqqətinə çatdırıb ki, rəsmi İrəvan daxilində sülhə mane olmaq istəyən qüvvələr var. Bunlardan ən birincisi konstitusiyada, atributlarda Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddiasıdır. Bu mütləq dəyişdirilməlidir”.

Xəyal Bəşirov qeyd edir ki, Azərbaycan ABŞ-la zaman-zaman qarşılıqlı şəkildə təhlükəsizlik, enerji məsələləri, insan hüquq və azadlıqları haqqında əməkdaşlıq edib:

“ABŞ Fransanın atdığı addımlarla bağlı dəqiq mövqe ortaya qoymalıdır. Azərbaycan -Ermənistan münasibətlərinin irəlilədiyi, sülh müqaviləsini imzalamaq ərəfəsində olduğu, delimitasiya-demarkasiya prosesinin getdiyi zamanda Ermənistanın silahlandırılması sülhün və təhlükəsizliyin pozulmasına hesablanmış addımdır. Azərbaycanın rəsmi mövqeyi də hər zaman bəllidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir