İlham Əliyev Rusiyaya niyə getmədi? – Səbəblər açıqlandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.
“turaninsesi.az “ın məlumatına görə, Prezident Administrasiyasından bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.
Dövlətimizin başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.
Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.
Arzu Paşaqızı