“Ermənistanın sürətlə hərbiləşdirilməsi…” – Nazirdən açıqlama

0

Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “turaninsesi.az“-a bildirilib ki, görüşdə Azərbaycan və İran arasında mədəni və dini ortaqlıqların ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əsas amillərdən biri olduğuna dair həmfikirlik bildirilib, ikitərəfli münasibətlərimizin davamlılığı baxımından iki ölkənin müvafiq qurumları, eləcə də rəsmi şəxsləri arasında müntəzəm təmasların əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İran əlaqələrinin inkişafı naminə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, Azərbaycanın mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlığa tam şəkildə sadiqliyi diqqətə çatdırılıb və ölkəmizin bu əməkdaşlığın davam və daha da inkişaf etdirilməsi istiqamətində səylərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və İran arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, qarşılıqlı maraq doğuran layihələrin aşkar edilməsi işində Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan-İran əməkdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesi barədə qarşı tərəf ətraflı şəkildə məlumatlandırılıb.

Yekun sülh sazişinin bağlanmasına ən ciddi maneənin isə başda Ermənistan konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb.

Ermənistanda davam edən revanşist meyilləri fonunda Ermənistanın sürətlə hərbiləşdirilməsi və müxtəlif dövlətlər tərəfindən Ermənistana hərbi dəstəyin artırılmasının regionda təhlükəsizlik və sabitliyin bərqərar edilməsi səylərimizə zərər vurduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir