Ermənilər Papikyanı ələ saldılar: “Bakıya çatan kimi zəng et”

Ermənistanın hazırkı müdafiə naziri Suren Papikyana ölkəsində birmənalı münasibət yoxdur. Onun fəaliyyəti erməni cəmiyyətdə müxtəlif reaksiyalar doğurur. Həm sosial mediada, həm də müxtəlif xəbər platformalarında Suren Papikyanın bəzi hərəkətləri və açıqlamaları zaman-zaman ciddi şəkildə tənqid olunur, o, lağ obyektinə çevrilir və ələ salınır.

Bu tənqidlər və ələsalmalar xüsusilə onun dövlət və ictimai mövqelərdəki fəaliyyəti ilə bağlı ortaya çıxan narazılıqlardan sonra daha da artıb. İnsanlar həm sosial şəbəkələrdə, həm də mətbuatda Papikyanın müəyyən addımlarını və bəzi mülahizələrini gündəmə gətirərək, ona qarşı aşağılayıcı fikirlər səsləndirirlər.

Bəzi sosial şəbəkə istifadəçiləri Papikyanı açıqlamalar verərkən, hansısa davranışlar nümayiş etdirərkən insanların kütləvi etirazını nəzərə almamaqda suçlayırlar. Bu da öz növbəsində cəmiyyətdəki qrupların onun qərarlarını düzgün qiymətləndirməməyə səbəb olur.

Papikyanın bir neçə dəfə qeyri-adekvat və ya mübahisəli açıqlamalar verməsi ictimaiyyətin ona olan inamını zəiflədib. Həmçinin, müəyyən mühüm məsələlərə müdaxilə etməməsi və ya ordudakı problemləri lazımi şəkildə həll edə bilməməsi onun siyasi imicini sarsıdıb. Papikyanı tənqid edənlər bu cür davranışları bir növ “arxada qalmış və müasir dövrün tələblərinə uyğun olmayan” addımlar kimi qiymətləndirirlər, naziri bacarıqsız, yarıtmaz, baş nazirin “marionetkası” kimi xarakterizə edirlər.

Bəzi tənqidçilər isə Suren Papikyanın fəaliyyətinin həm daxili siyasətdə, həm də xarici əlaqələrdə ölkənin mövqeyinə mənfi təsir etdiyini vurğulayırlar. Yaxın gələcəkdə Suren Papikyanın fəaliyyəti ilə bağlı nə baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, görünən budur ki, onun imici getdikcə pisləşir.

Təsadüfi deyil Ermənistanın “Hayeli.am” nəşri də bu günlərdə Papikyanın Facebook səhifəsindəki köhnə paylaşımlarından birini gündəmə gətirib. Həmin paylaşımda Papikyan sabiq Baş nazir və müdafiə naziri Vazgen Sarkisyana xitabən “Bakıya çatacağıq” ifadəsi işlətmişdi.

Qarabağ müharibəsini uduzan Ermənistan müdafiə nazirinin “Bakıya çatacağıq” ifadəsi erməni cəmiyyətinin bəzi kəsimlərində ironiyaya səbəb olub.

Facebook istifadəçisi Aram Manukyan Papikyanın paylaşımını öz səhifəsində yerləşdirib və onu ələ salan şərh yazıb: “Bəs hara çatdın? Bakıya çatan kimi mənə zəng et”. 

Sosial mediada artan reaksiya və ictimai tənqidlər, kinayələr siyasətçini daha diqqətli olmağa və öz fikirlərini ifadə etməyi bir qədər daha ehtiyatla həyata keçirməyə məcbur etməlidir. Əks halda, Papikyanın onsuz da yerlə sürünən siyasi karyerasının tezliklə darmadağın olacağı istisna deyil…

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI