Ərdoğanın Zəngəzur mesajı İrəvanı qarışdırdı

0

Erməni deputat Tiqran Abramyan deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif beynəlxalq aktorların nikbin mesajları fonunda Türkiyə xatırladır ki, bu, həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı nəzərdə tutur.

“Danışıqlar prosesi ilə bağlı Qərbdən səslənən müsbət gözləntilərin əsasında Ermənistanın güzəştləri, ABŞ-ın təzyiqləri var? Son 6 ildə kənardan nə qədər çox müsbət gözləntilər olursa, Ermənistan və erməni xalqı bir o qədər çox itirməkdə davam edir”, – Abramyan bildirib.

Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, görünür, Abramyanın timsalında erməniləri narahat edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu günlərdə deyib ki, Zəngəzur dəhlizinin açılması sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır.

Turanın səsi ” in xəbərinə görə , analitik Aqşin Kərimov deyib ki, Azərbaycan və Türkiyə inadla və inamla Zəngəzur dəhlizinin açılmasını təmin etmək, bununla da regionda alternativ gücün flaqmanına çevrilməyi hədəfləyirlər:

“Çünki Zəngəzur dəhlizinin açılması Bakı ilə Ankaranın Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər genişlənən strateji maraqlarındakı bariyerləri aradan götürə bilər. Maneələrin nədən ibarət olduğunu ayrıca mövzuda təhlil etmək olar. Amma məsələ burasındadır ki, Bakı ilə Ankara geosiyasi tikanlara rəğmən iki regionu eyni geosiyasi məkan kimi qiymətləndirərək maraqlarını əhəmiyyətli dərəcədə irəlilədib, onları bacarıqla idarə edə bilirlər. Bununla belə daha da geniş strateji imkanlar qazanmaq lazımdır.

Buna görə də, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizini Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının əhəmiyyətli komponenti kimi dəyərləndirir. Ankara dəhliz mövzusunu sülh razılaşmasına doğru son akt kimi qiymətləndirməklə faktiki olaraq İrəvana qarşı təzyiqləri artırdığını nümayiş etdirir”.

Ekspert deyib ki, Ərdoğanın “dəhliz açılsın, sonra hərtərəfli sülh sazişi imzalansın” məntiqi Azərbaycanın da Ermənistana dəhliz üzərindən təzyiq potensialının artmasına şərait yaradır:

“Əslində məntiqli yanaşmadır, dəhlizin açılmasından sonra sülh müqaviləsinin imzalanması Ermənistanın strateji güclər arasında var-gəl etmə imkanlarını tükədəcək.

Ancaq Bakı ilə Ankara təzyiq metodlarının müşayiətində Ermənistana iqtisadi və diplomatik faydalar da vəd edir. Yəni dəhlizin açılması İrəvan üçün çoxtərəfli çərçivədə İrəvana regional əhəmiyyətli dividentlər verə bilər.

Hələlik isə İrəvana qarşı təzyiq elementləri gündəliyin narrativləri sırasında imiş kimi görünməkdədir. Çünki dəhliz açılmamış və sülh müqaviləsi imzalanmamış İrəvandan revanşizmin parladığını müşahidə etmək mümkündür.

Lakin Bakı ilə Ankara geosiyasi manevrlərdə Ermənistana nisbətdə ən üstün çevikliyə malikdir, İrəvanın isə müqayisədə seçim imkanı demək olar ki, yoxdur”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir