Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəldi
Brazliya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Qauşo Bakıya gəlib.
“turaninsesi.az” xəbər verir ki, əfsanəvi futbolçu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qonaq qismində iştirak edəcək.
Xatırladaq ki, Ronaldinyo daha öncə də Azərbaycanı ziyarət edib. Belə ki, o, futbol məktəbi yaratmaq üçün ölkəmizə səfər etmişdi.
“Sehrbaz” ləqəbli futbolçu karyerası ərzində 570 oyunda meydana çıxıb, 206 qol, 171 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldinyo bundan başqa, iki dəfə dünyada ilin ən yaxşı futbolçusu seçilib, bir dəfə “Qızıl Top”, bir dəfə isə UEFA-nın “İlin ən yaxşı futbolçusu” mükafatının sahibi olub. “Sehrbaz” iki dəfə də “Qol kralı” adını qazanıb.
O, Braziliya millisi ilə 2002-ci ildə dünya çempionatının qalibi olub. Bir dəfə isə Amerika kubokunu başı üzərinə qaldırıb.
Bundan başqa, iki dəfə İspaniya La Liqasının, iki dəfə İspaniya Superkubokunun, bir dəfə UEFA Çempionlar Liqasının, İtaliya A seriyasının və Braziliya Liqasının kuboklarını da qazanıb.
Qeyd edək ki, Ronaldinyo “Barselona”, PSJ, “Milan”, “Fluminense”, “Flamenqo” kimi klublarda çıxış edib.