Dövlət Sosial Müdafiə Fondu ilə Gürcüstanın Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq sənədi imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
Bu barədə “Turanın səsi “ nə DSMF-un mətbuat xidmətindən bildirilib.
Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkün düşənlərlə iş, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini İrine Tsaqadze ilə görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib.
Əhalinin sosial təminatı istiqamətində cari vəziyyət və prioritet məsələlərə dair fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin genişləndirilməsi, perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Himalay Məmişov və Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin rəhbəri Giorgi Çanturia iki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Sənəddə pensiya təminatı ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi mexanizmləri və s. sahələrdə məlumat mübadilələrinin həyata keçirilməsi əksini tapıb.
Tədbirdə H.Məmişov Azərbaycanın pensiya-sığorta sistemində aparılan islahatlar və əldə olunan nailiyyətləri barədə məlumat verib.
G.Çanturia sosial sığorta və sosial təminat sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin Gürcüstanda tətbiq edilməsində maraqlı olduqlarını bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI