Dominikan səfiri: “Azərbaycanda Dominikan Günləri keçiriləcək”

0


“Azərbaycanda Dominikan Günləri keçiriləcək”.

Turanın səsi ” xəbər verir ki , bunu  Ankara bürosuna açıqlamasında Dominikanın Azərbaycan və Türkiyədəki səfiri, Ankarada iqamət edən Elvis Antonio Alam Loran bildirib.

Azərbaycandan işgüzar səfərdən qayıtdığını vurğulayan səfir deyib ki, hazırda Bakıda Dominikan Günlərinin keçirilməsi ilə əlaqədar layihə üzərində işləyirlər: “Mən hər zaman deyirəm ki, bir ölkənin sərvəti onun mədəni müxtəlifliyidir. Dominikan da Azərbaycan kimi zəngin, mədəni müxtəlifliyə malikdir. Bizim böyük mədəni irsimiz var. Ölkəmiz rəngarəngdir. Azərbaycanda da bunu gördüm. Bakıda qədimliklə müasirliyin vəhdətinə heyran oldum. Azərbaycanlıları mehribanlıqlarına, səmimiliklərinə görə özümüzə oxşadıram. Ona görə də məhsullarımızı Azərbaycana da gətirməyi planlaşdırırıq”.

Ölkəsinin qədim mədəniyyətə malik olduğunu söyləyən səfir bildirib ki, Dominikan Günlərində hər təbəqədən olan insanın iştirakını arzulayırlar: “Mədəniyyətimizi çox insanın ziyarət etdiyi bir yerdə təqdim etməyi planlaşdırırıq. Bu, ölkəmizi göstərmək üçün bizə imkanlar təqdim edən bir park və ya bir məkan ola bilər. Fotoşəkillərdən, musiqimizdən və yeməklərimizdən ibarət sərgimiz olacaq. Bu tədbirdə hər kəs iştirak edə bilər”.

Amerika qitəsində ilk şəhərin, xəstəxananın, universitetin Dominikanda yaradıldığını xatırladan səfir bu ölkənin zəngin turizmə malik olduğunu qeyd edib: “2022-ci ildə Dominikana 8 milyon turist səfər edib. Bu sahədə bölgənin əsas istiqaməti bizdədir. Turizm ölkənin ən mühüm və gəlir gətirən sahələrindən biridir. Məqsədlərimizdən biri Azərbaycandan Dominikana səfər edən turistlərin sayını artırmaqdır. Odur ki, Dominikanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması hər iki ölkəyə turist axınına xidmət edə bilər. Bununla əlaqədar olaraq Azərbaycan tərəfi ilə danışıqlar aparırıq”.

Dominikanın Azərbaycandakı ilk səfiri olduğunu da qeyd edən Elvis Antonio Alam Loran deyib ki, iki ölkə arasındakı əlaqələrin inkişafına çalışır, bunun üçün bütün bacarığını ortaya qoyur: “Bizim marağımız diplomatik, mədəni və iqtisadi əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmaqdır. Eyni zamanda, indiyədək uğurla inkişaf etdirdiyimiz ikitərəfli və çoxtərəfli əlaqələri davam etdirmək əzmindəyik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir