Brüssel görüşündə Bakını sevindirən məqam…
Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı. ABŞ Dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardımla barədə heç nə demədilər.
“Turanın səsi ” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib:
“ABŞ və Avropa Birliyi rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bildirdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel Qarabağla bağlı reallığı qəbul edib”.
E.Şahinoğlu qeyd edib ki, ABŞ və Avropa Birliyi Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi:
“Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağı planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə, İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil”.
Politoloq bildirib ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər:
“Onlar Paşinyanın “Sülh qovşağı” ideyasına dəstək verdiklərini söylədikləri halda Prezident İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI