AZAL-ın təyyarəsinə 2 raket atılıb – Yeni faktlar
Qroznı yaxınlığında AZAL-ın mülki təyyarəsi Rusiya ordusuna məxsus “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən 2 raketlə vurulub.
“turaninsesi.az” xəbər verir ki, məlumatı “ВЧК ОГПУ” teleqram kanalı yayıb.
Hadisə ilə bağlı yayılan yeni detallar Rusiyanın hərbi koordinasiyasındakı ciddi problemləri üzə çıxarır.
“Pantsir” sistemindən 2 raket atılıb. Komandirin sözlərinə görə, ilk raket 08:13:30-da, ikinci raket isə 08:13:40-da buraxılıb. Raketlər 08:13:50 və 08:14:30-da partlayıb. Sonuncu partlayış mülki təyyarəyə dəyib. Raketlərin atılması əmrini isə Rostovdan Borisov soyadlı komandir verib.
Hadisənin əsas səbəblərindən biri güclü elektron müdafiə sisteminin təsiri olub. Bu sistem mülki və hərbi texnikanın rabitəsini tamamilə pozaraq koordinasiyanı çətinləşdirib. Hətta “Pantsir” ekipajlarından biri təyyarənin mülki olduğunu görüb və atəş açmaqdan çəkinib. Lakin digər ekipaj elektron rabitə olmadan əmrə əsasən raketləri buraxıb.
Hərbçiyə “Mülki təyyarəni drondan fərqləndirməyə çalışdınızmı” sualı verilib. O, yalnız əmr aldıqdan sonra atəş açdığını və təyyarənin lokatorda mülki obyekt kimi görünmədiyini bildirib.
Rusiya hərbi rəhbərliyi məsuliyyətdən yayınmaq üçün daha “əlverişli” bir versiya irəli sürür. Onların iddiasına görə, raketlər drona atılıb, lakin onu vura bilməyib və AZAL təyyarəsinin yaxınlığında partlayıb. Buna baxmayaraq, hadisə yerində pilotsuz uçuş aparatına aid hər hansı qalıq tapılmayıb.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bu versiyanı dəstəkləyir və guya vurulmuş pilotsuz təyyarənin hissələrinin tapılmasını tələb edir. Lakin 3 gündür davam edən axtarışlar heç bir nəticə verməyib.
İstintaqın gedişatında müəyyən edilib ki, hava hücumundan müdafiə sistemlərinin komandirlərinə mülki təyyarələrin uçuş cədvəli təqdim edilməyib. Raketləri buraxan komandir hədəfi duman səbəbindən vizual olaraq təsdiqləyə bilmədiyini və stasionar telefonla Rostova 2 dəfə zəng etdiyini bildirib.
Digər “Pantsir” sisteminin komandiri mülki təyyarəni vizual olaraq müşahidə edib və atəş açmayıb. Bu fakt dispetçer məntəqəsindəki səs yazılarının dinlənilməsindən sonra ortaya çıxıb. Lakin həmin komandir elektron müdafiə sistemi söndürüldüyündən digər ekipajla əlaqə saxlaya bilmədiyini bildirib.
Hadisənin ən diqqətçəkən detalı elektron müdafiə sisteminin təyyarə və hava hücumundan müdafiə sistemlərini “kor və kar” vəziyyətə salmasıdır. Hələlik bu sistemi kimin işə saldığı və əsas məqsədinin nə olduğu aydın deyil.
Baş verənlər bir daha göstərir ki, Rusiya ordusundakı koordinasiya və intizam çatışmazlığı mülki obyektlər üçün ciddi təhlükələr yaradır. İstintaqın nəticələri yaxın günlərdə daha çox aydınlıq gətirə bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI