Azərbaycanla Fransa arasında nə baş verir? – “Bu, Fransaya xəbərdarlıqdır, əks halda…”
“Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
O, Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşının “persona-non-grata” elan edilməsinə faktına toxunub.
Xatırladaq ki, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.
Məlumata görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
İ. İsmayılın fikrincə isə görünən odur ki, bu, proseslərə hazırlıq idi və səfirlik əməkdaşları konkret olaraq öz diplomatik statusuna uyğun olmayan fəaliyyətləri əsasında “persona-non-grata” elan olunub:
“Bu, Fransanın Azərbaycana qarşı olan qərəzli və düşmənçilik siyasətinə qarşı atılan diplomatik addım və bir növ Fransaya xəbərdarlıqdır. Bizim Fransadan xüsusi bir asılılığımız yoxdur. Əksinə, Fransanın “Total” şirkətinin Azərbaycanda yatırımları var ki, nəticədə onlar pis vəziyyətə düşəcəklər. Amma bütün bunların hamısının əsasında Fransanın ermənipərəst siyasət yürüdərək haqsız olaraq Azərbaycana qarşı düşmənçilik siyasəti aparmasındadır”.
Ekspert əlavə edib ki, Azərbaycan-Fransa münasibətləri elə bir səviyyəyə gəlib çatmışdı ki, bəzən səfirliklərin bağlanması ehtimalı da gözlənilirdi, amma indiki addım xəbərdarlıqdır və Fransanın qərəzli münasibətinə bir növ cavabdır.
Həmsöhbətimiz onu da qeyd edib ki, həmçinin COP-29-un Azərbaycanda keçirilməsinə etiraz etmək rəsmi Parisin düşmənçilik siyasətindən başqa bir şey deyil.
O, hesab edir ki, Xarici İşlər Nazirliyi tərəfindən atılan addım düzgündür:
“Biz müəyyən dərəcədə ehtiyatlı olmalıyıq. Ehtiyatlı deyəndə isə bizim Fransada agentura şəbəkəmiz yoxdur ki, onlarla əməkdaşlıq edək və sabah səfirlik əməkdaşlarımıza adekvat tədbirlər görülsün. İnanmıram ki, bunlar olsun. Olsa belə, cavablarını almaları mümkündür. Hər halda bu addım Fransaya xəbərdarlıqdır və hüquqi əsaslanıb”.
Mütəxəssis yekunda onu da söyləyib ki, heç bir əsas olmadan səfirlik əməkdaşının “persona-non-grata” elan edilməsi mümkün deyil:
“Deməli, o diplomatik statusuna uyğun olmayan fəaliyyətlə məşğul olub və bu sübut olunub ki, onlara nota verilib. Təbii ki, bununla Azərbaycanla Fransa münasibətlərində daha da gərgin münasibətlər yarandı. Artıq böhran dövrüdür, lakin bunun İranla olan kritik münasibətlər səviyyəsinə çatmasına inanmıram. Buna baxmayaraq, biz Fransa ilə kəskin diplomatik böhranın sərhədindəyik”.