Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı – Sıx koordinasiya davam etdiriləcək

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə “turaninsesi.az ”a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.

Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər.

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Arzu Paşaqızı