Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər.

Əvvəlcə Almaniya Kansleri bəyanatla çıxış etdi.

Kansler Olaf Şoltsun bəyanatı

– Hörmətli cənab Prezident, Berlinə xoş gəlmisiniz.

Mən Sizi bizim hər ikimizin elə indicə iştirak etdiyimiz “Petersberq İqlim Dialoqu” münasibətilə buraya təşrif buyurduğunuza görə təşəkkür edirəm və salamlayıram.

Siz son 14 ay ərzində Almaniyaya dörd dəfə səfər etmisiniz. Sonuncu dəfə fevral ayında Münxen Təhlükəsizlik Konfransına gəlmişdiniz. Bu, onu göstərir ki, bizim müzakirə edəcəyimiz mövzular çoxdur, bu gün olduğu kimi. Təbii ki, biz xüsusən də Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə haqqında da söhbət etdik. Hər ikimiz eyni fikirdəyik ki, bu münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Bunun üçün şanslar mövcuddur. Ona görə də çox gözəl bir amildir ki, Siz hazırda baş nazir Paşinyanla birbaşa əlaqədəsiniz. Münxendə bizim sonuncu görüşümüz çərçivəsində hər ikiniz məni əmin etdiniz ki, açıq olan suallar öz həllini yalnız sülh yolu ilə tapacaq. Bu, məni sevindirir.

Mən icazənizlə, bir daha onu bildirmək istəyirəm ki, Almaniya sizi məsələnin uzunmüddətli və davamlı həllinin tapılmasında dəstəkləməyə hazırdır, əgər siz hər ikiniz bunu istəyirsinizsə. Mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz. Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir.

Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir. Yəni, eşitdik ki, razılıq əldə etmisiniz. İndi bu dinamikanı saxlamaq və bu istiqamətdə cəsarətli addım atmağınızı istəyirəm. Həm Sizi, həm də Sizin əks tərəfiniz olan baş nazir Paşinyanı buna çağırıram.

Bizim görüşümüzün növbəti mövzusu da Rusiyanın Ukraynaya hücumudur və bu müharibənin Azərbaycana, Cənubi Qafqaza olan təsiridir. Biz hamımız bilirik ki, Rusiya özünün beynəlxalq hüquqazidd müharibəsi ilə Ukraynaya yüz minlərlə ağrı-acı gətirib. Bu amansız qırğın öz sonunu tapmalıdır. Putin öz müharibəsini sona çatdırmalı, əsgərlərini geri çəkməli, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü axır ki, tanımalı, qəbul etməlidir.

Cənab Prezident, Sizin bugünkü səfəriniz əsasən iqlim siyasəti çərçivəsindədir və Azərbaycan COP29-un sədrliyini üzərinə götürüb, yəni, ev sahibi olacaq. COP28 çərçivəsində Dubayda vacib qərarlar qəbul olundu. Deməli, 2030-cu ilə qədər bərpaolunan enerji üç dəfə, enerji səmərəliliyi iki dəfə artırılmalıdır, metan tullantıları azaldılmalıdır. Həmçinin qeyd etmək istərdim ki, 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artırması çox gözəl bir xəbərdir. Almaniya 80 faizi hədəfləyib.

Düşünürəm ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar, əsasən də, qeyd etdiyim kimi, hidrogen və bərpaolunan enerji sahələrində. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır.

Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. Biz iqlim siyasətinə aid sualları və Dubayda qəbul olunan qərarları birgə müzakirə edib yenidən qiymətləndirərək 2035-ci ilə qədər yeni iqlim məqsədləri, hədəfləri formalaşdıra və təbii ki, eyni zamanda, iqlim maliyyələşdirmə məsələsini də irəliyə apara bilərik.

Bildiyiniz kimi, Almaniya bu məsələdə özünün böyük töhfəsini göstərir. İqlim maliyyələşdirilməsi məsələsində biz büdcəmizdən 6 milyard avro ayırmışıq və ümumilikdə 10 milyard avro səfərbər etmişik. Almaniya bununla etibarlı maliyyəçi olaraq qalır və özünün ədalətli töhfəsini göstərir.

İndi isə biz təbii ki, investisiya tələbatı məsələsini diqqət mərkəzinə gətirməliyik, özəl sektora iqlim mühafizəsinə sərmayə ayırmağa imkan yaratmalıyıq. Eyni zamanda, bu günədək töhfə verən tərəflər daha çox töhfə verməlidir. Amma bununla yanaşı, digər ölkələr də iqlimin maliyyələşdirilməsi məsələsinə daha fəal töhfə verməlidirlər. Mən əmin olmaq istərdim ki, biz COP29 tədbiri çərçivəsində bununla əlaqədar müəyyən razılıqlar əldə edə biləcəyik.

Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynayır və vacib tərəfdaşdır. Mən bu əməkdaşlıq üçün və enerji təchizatı sabitliyinə göstərdiyiniz vacib töhfənizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Biz, həmçinin sivil ictimaiyyət, azad media haqqında da müzakirə apardıq. Mən deyərdim ki, sivil cəmiyyətdə demokratiyanın ayrılmaz hissəsi canlı tənqidin mövcud olmasıdır. Fikir azadlığı, mətbuat azadlığı mövcud olmalıdır. Cənab Prezident, mən Sizə bu çətin dövrdə müxtəlif sahələr üzrə apardığımız danışıqlarımıza görə təşəkkürümü bildirmək istəyirəm. Biz hər ikimiz eyni fikirdəyik ki, mövcud olan əməkdaşlığı davam etdirə və dərinləşdirə biləcəyik. Sizə təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Kansler.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, dəvətə görə Sizə təşəkkürümü bildirirəm. Siz də qeyd etdiyiniz kimi, son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Bu gün səhər “Petersberq İqlim Dialoqu” forumunun işində iştirak edərkən bir daha öz niyyətimizi ifadə etdik. Sizə COP29-la bağlı Azərbaycana göstərdiyiniz dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir.

Bu gün səhər çıxış edərkən bildirdim ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Təbii qaza gəldikdə, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Bizim Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər biz Avropaya ixrac edəcəyimiz qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik. Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.

Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını biz yüksək qiymətləndiririk. Cənab Kansler, Sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.

Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik.

Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur.

Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk və buna görə Sizə minnətdarıq.

x x x

Daha sonra Prezident İlham Əliyev və Kansler Olaf Şolts jurnalistlərin suallarını cavablandırdılar.

Sual: Cənab Prezident, Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə əlaqədar fikrinizi bilmək istərdim. Bir neçə kəskin tənqidi yanaşması olan İmran Əliyev adlı jurnalist həbs edilmişdi. İmran Əliyevin ailəsi deyir ki, guya, onun hüquqları pozulur və o, hazırda həbsdədir. Bununla əlaqədar nə deyə bilərsiniz?

Cənab Kansler, Siz cənab Prezidentlə insan hüquqları haqqında da ətraflı danışdınızmı?

Prezident İlham Əliyev: Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?

Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də.

Kansler Olaf Şolts: Mən də suala cavab verim. Təbii ki, biz söhbətimiz çərçivəsində bu məsələyə də toxunduq və ətraflı danışdıq. Bildiyiniz kimi, biz federal respublikayıq, ümumiyyətlə, bütün dünya üzrə insan hüquqlarının qorunmasına öz töhfəmizi veririk. Təbii ki, hər bir ölkədə azad mətbuat olmalıdır, insan hüquqları pozulmamalıdır. Bu, ümumi bir vəziyyətdir. Əlbəttə, bu da özlüyündə bir sirr deyil ki, müxtəlif ölkələrdə bu vəziyyətin yaxşılaşdırılması üçün potensial var.

Sual: Mən Kərimova Fatimə, “Mikroskop media”nın həmtəsisçisiyəm. Azərbaycanlı jurnalistəm. Həmkarım sualımın əsas hissəsini məndən əvvəl verdi. Ona görə mən Sizə digər sualımı verəcəyəm. Cənab Prezident, müharibədən sonra Qarabağda yenidənqurma-bərpa işləri başlayıb və bir çox layihələr icra olunur. Bu müddət ərzində buraya milyardlarla manat yatırılıb. Amma həmin layihələrlə bağlı bir çox detallar şəffaf deyil, yəni, həm ictimaiyyətin, həm jurnalistlərin bu məlumatlara əlçatanlığı kifayət qədər deyil. Həm tenderlərin, tenderlərdə iştirak edən şirkətlərin və digər şirkətlərin seçilməsi və sair kimi detallar. Mən bunun səbəbini öyrənmək istəyirəm ki, bəzi məsələlər niyə qapalıdır və niyə bu detallar şəffaf deyil, açıq deyil bizə. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Əslində, sualınız təəccüb doğurur, çünki Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Bu yaxınlarda elan edilmiş məlumat göstərir ki, işin həcmi doğrudan da genişmiqyaslıdır. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Tender prosedurlarına tam əməl edilir. Mən sözün düzü bilmirəm, sizdə bu məlumat haradandır. Yəqin ki, siz bunu hansısa dəqiqləşdirilməmiş mənbədən götürürsünüz. Amma azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Əgər sizin belə imkanınız olsaydı, görərdiniz ki, Ermənistan bizim torpaqlarımızı necə viran qoyub və azad edilmiş torpaqlara bu gün qayıdan vətəndaşlar hansı sevinc hissləri yaşayırlar.

Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır. Bu, ümumxalq məsələsidir. Necə ki, torpaqlarımızın azad edilməsi ümumxalq məsələsi idisə, bu gün torpaqların bərpa edilməsi də ümumxalq məsələsidir. Mən bilirəm ki, Azərbaycan mediasının mütləq əksəriyyəti bizim fəaliyyətimizi bəyənir, dəstəkləyir və görülən işləri də təqdir edir.

Sual: Hörmətli cənab Kansler, iqlim məsələlərinə dair sualım var. İkinci dəfədir, beynəlxalq İqlim Konfransına o ölkələr tərəfindən ev sahibliyi edilir ki, onlar qazıntı enerjisi istehsal edirlər. Bu, nəyə görə belədir? Bunun səbəbi nədir? İkinci sualım, Siz cənab Makronun dünənki çıxışı ilə əlaqədar bəzi şərhlər vermişdiniz. Sizin şərhlərinizi dəqiq bilmək istərdik. Siz Avropa Birgə Fondu ilə əlaqədar bəzi şərhlər vermişdiniz, xahiş edirəm, onu aydınlaşdırın.

Cənab Prezident, Sizə də konkret bir sualım var. Bilmirəm, Siz yaxın Şərqdə – Qəzza zolağında baş verən hadisələr haqqında da danışmısınızmı? Elə fikirlər var ki, guya, İsrailin Baş nazirinə qarşı həbs cəzası, həbs əmri mövcuddur. Belə bir fikir varmı? Siz belə bir fikri dəstəkləyərdinizmi? Təşəkkür edirəm.

Kansler Olaf Şolts: Sualın birinci hissəsi ilə bağlı qeyd etmək istərdim ki, mən qalıq enerjini istehsal edən ölkələrin iqlim konfransına ev sahibliyi etməsinə şans kimi baxıram. Ona görə ki, burada şanslar yaranır və həmçinin müəyyən maliyyələşdirmə məsələlərini də nəzərə almaq lazımdır. Bir dəfə Almaniya da öz böyük maliyyə töhfəsini verib. Düşünürəm ki, bu kimi ölkələrin də buraya qatılması, konfransı təşkil etməsi, dəstəyini göstərməsi böyük şansdır. Nəyə görə yox? Yəni, təbii ki, eyni zamanda, qalıq enerjinin belə deyək, miqdarını azaltmaq da bir iqlim mühafizəsi kontekstində olan mövzulardan biridir. Həmçinin enerji təhlükəsizliyi məsələləri nəzərə alınmalıdır, amma bununla yanaşı, bərpaolunan enerji məsələləri də diqqət mərkəzində qalmaqdadır. Yəni, düşünürəm ki, bu, bizlərə müəyyən şanslar verən simbiozdur, qısa desəm çətin yoldur, qəliz yoldur, amma ağıllı yoldur. Sonuncu COP da çox gözəl keçmişdi. Ona görə də düşünürəm ki, qarşıdan gələn konfrans da uğurlu olacaq. Mən qarşıdakı tədbirə də sevinirəm. Orada geniş debat və diskussiya aparılmalıdır.

Prezident İlham Əliyev: Bu gün biz cənab Kanslerlə daha çox Almaniya-Azərbaycan ikitərəfli münasibətlərini və regional təhlükəsizlik məsələlərini, o cümlədən COP29 ilə bağlı hazırlıq işlərini müzakirə etmişik. Digər beynəlxalq məsələlərin müzakirəsi aparılmamışdır.

O ki qaldı, Yaxın Şərqdəki vəziyyətə, Azərbaycanın mövqeyi hər zaman birmənalı olub. Fələstin xalqının azadlığı və müstəqilliyi hər zaman Azərbaycan tərəfindən dəstəklənib. Yaxın Şərqdə müharibənin və hərbi əməliyyatların tezliklə dayandırılması hər zaman Azərbaycan tərəfindən ifadə edilib.

Qaldı ki, sualın digər hissəsinə, deyə bilərəm, neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir.

Ona görə neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr, o cümlədən bizdən əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir və bu gün Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya, – bildiyiniz kimi, Braziliyada da təbii sərvətlər kifayət qədər böyükdür, – üçlük şəklində fəaliyyət göstərirlər. Bizim niyyətimiz budur. Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı.

Sual: Vüqar Seyidov, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). Mənim sualım cənab Kanslerədir. Cənab Kansler, Almaniyanın Federal Daxili İşlər Nazirliyinin 2023-cü ilin iyun ayında yaydığı islamofobiya üzrə ekspertlər cəmiyyətinin hesabatına əsasən, ölkədə keçirilmiş sorğunun iştirakçılarının təxminən yarısı islamofob fikirlər səsləndirmişdir. Almaniya cəmiyyətində ksenofobiya və irqçilik kimi təhlükəli tendensiyaları Siz nə ilə izah edə bilərsiniz və ümumiyyətlə, bu istiqamətdə Sizin hökumətiniz hansı tədbirlər görür? Təşəkkür edirəm.

Kansler Olaf Şolts: Siz bildiyiniz kimi, dövlət bu məsələyə çox böyük diqqətlə yanaşır. Biz qanun çərçivəsində hərəkət edirik və digər siyasi maarifləndirmə tədbirləri həyata keçiririk. Ümumiyyətlə, müsəlmanlara qarşı, rasizm məsələlərinə çox ciddi yanaşırıq və bunun qarşısının alınması üçün əlimizdən gələni edirik. Dünya miqyasında siz müqayisə etsəniz görərsiniz ki, burada səylər çoxdur. Almaniya o ölkədir ki, bir çox millətlərin üzvləri burada bir-biri ilə sülh şəraitində yaşayırlar və burada dini mənsubiyyət, dini fərqlilik heç bir rol oynamır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir