Azərbaycan könüllüləri Hatayda zəlzələdən zərərçəkənlərə xidmət edib
Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər.
“Turanın səsi ” in xəbərinə görə, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində əhaliyə xidmət göstəriblər.
Həmçinin, könüllülərimiz səhər vaxtı yüzlərlə zərərçəkmiş şəxsə səyyar şəkildə çay paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb, o cümlədən üç kəndə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak ediblər. Eyni zamanda, zəlzələdən zərərçəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib.
Ötən gün ərzində Kahramanmaraşdakı çadır şəhərciyində könüllülərimizin uşaq psixoloji reabilitasiya mərkəzi kimi fəaliyyət göstərən üç çadırı qurulub. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi işi davam etdirilib və zəruri olduqda peşəkar həkimlərə yönləndirilib.
Habelə, uşaqlar üçün əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək əlavə çadır da istifadəyə verilib. Bundan əlavə, şəhərboyu hərəkət edən səyyar uşaq əyləncə məntəqəsində fəaliyyət göstərən könüllü qızlarımız gün ərzində 70-dən çox uşağa xidmət göstəriblər.
Qeyd edək ki, Türkiyənin sabiq ailə və sosial siyasət naziri, Ədalət və İnkişaf Partiyasının (AK Parti) İdarə heyətinin üzvü Fatma Betül Sayan Kaya Azərbaycan könüllülərinin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə edib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI