Azərbaycan əleyhinə böyük ittifaq: 5 dövlət Ermənistanı silahlandırır
Ötən həftə Ermənistan müdafiə naziri Suren Papikyan İrana səfər edib. Səfərin diqqətçəkən tərəfi Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyəyə rəsmi səfəri ilə üst-üstə düşməsidir.
Sirr deyil ki, həm Fransa, həm də İran Türkiyənin Cənubi Qafqazda təsirlərinin artmasından çox ciddi narahatdır. Hələ də revanşist ümidlərlə yaşayan rəsmi İrəvan qonşu Azərbaycan və Türkiyə ilə təcili sülh müqavilələri imzalamaq əvəzinə, Bakı və Ankaranı yeni hərbi avantüraya çəkməyə çalışır. Ermənistan Fransa, İranla bərabər, Yunanıstan və Hindistanı da bölgədə hərbi gərginliyi tətikləməyə cəlb etmək istəyir. Bu isə əlbəttə ki, Azərbaycan kimi Türkiyəni də narahat etməyə bilməz.
“Turanın səsi ” xəbərinə görə Mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, İran Ermənistana tədarük olunan silahlar üçün tranzit yol funksiyasını daşıyır:
“İran Ermənistana olan açıq dəstəyini bir daha ifadə edir. Tehran hökuməti Azərbaycan-Ermənistan münaqişəsində hər zaman Ermənistanı birmənalı şəkildə dəstəkləyib. Sadəcə, bunu müəyyən dövrlərdə pərdələməyə çalışıb. Biz bu dəstəyi həm 90-cı illərdə, həm də 44 günlük müharibə dövründə görmüşük. İranın Ermənistana silah-sursat verməsi də hər kəsə məlumdur. Hətta keçən ilin aprelində Laçın yolunda baş verən təxribat zamanı istifadə olunan dronlar da məhz İran istehsalı idi. Papikyanın İrana səfəri də məhz bu qəbildən olan əməkdaşlığa söykənir. Ermənistana silah-sursat dəstəyini təkcə İran deyil, Fransa, Yunanıstan, Hindistan da həyata keçirir. Papikyanın səfəri zamanı yalnız Hindistandan tədarük olunan silahların deyil, sadaladığım ölkələrin də silahlarını İran vasitəsi ilə Ermənistana aparılması mövzusu müzakirə olunub. Bu səfərin yekununda da hər iki tərəf arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı açıqlamalar verildi. Bu baxımdan Ermənistanı dəstəkləyən dövlətlər qrupuna İran da daxildir”.
Politoloq qeyd edib ki, hazırda Ermənistanı dəstəkləyən ölkələrin qeyri-rəsmi ittifaqının formalaşması prosesi gedir.
“Hal-hazırda faktiki olaraq, tam rəsmiləşdirilməmiş ittifaq formalaşır və bu ittifaqa Fransa, Yunanıstan, Cənubi Kipr, Hindistan və İran daxildir. Bu baxımdan İran ərazisi tam şəkildə Hindistandan Ermənistana tədarük olunan silahların daşınması üçün tranzit yol rolunu oynayır. Hətta İran tərəfi bu yüklərin daha rahat daşınması üçün hava dəhlizinin yaradılması ilə bağlı qərar qəbul edib. Bu baxımdan Azərbaycan və İran arasında münasibətlər onsuz da kövrəkdir və nəzərə almaq lazımdır ki, hazırda iki ölkə arasında müəyyən yumşalma elementləri sezilir. Amma Azərbaycan İran münasibətləri uzun müddət hamar və normal olmayacaq. Çünki İranın rəsmi doktrinasında da qeyd olunub ki, Azərbaycan dövlətinin varlığı İran üçün rəsmi təhdiddir. Bu istiqamətdə İranın Azərbaycana qarşı addımları mütəmadi olaraq davam edəcək”.
Nazim Hacıyev