Almatı danışıqları bu gün davam etdiriləcək
Bu gün Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında dünən Dostluq Evində başlayan danışıqlar davam etdiriləcək.
“Turanın səsi ” xəbər verir ki, Ermənistan XİN prosesin sülh müqaviləsinin imzalanması ilə məhdudlaşmaması rəyindədir.
Mirzoyan bildirib: “Regionda bütün nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaqla daha da irəli gedə bilərik”.
Ermənistan XİN rəhbəri əmin edib ki, İrəvan sülh və sülh müqaviləsi ilə bağlı razılığa gəlməyə meyllidir: “Danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak edirik”.
Ceyhun Bayramov, öz növbəsində, danışıqların Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üçün çox faydalı olacağına əminliyini ifadə edib: “Ümid edirəm ki, bu iki gündə hələ də mövcud olan problemli məsələlərin həlli yollarını tapmaq üçün yaxşı işləyə bilərik”.
Diplomatın sözlərinə görə, son danışıqların mühüm elementi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanmasıdır. Azərbaycan bu prosesə xüsusi diqqət yetirir.
XİN rəhbəri qeyd edib ki, hazırda birgə səylərlə müvafiq obyektlər minalardan təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib. Bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb.