“Aİ missiyası Ermənistan sərhədində qalacaq” – Səfir

Avropa İttifaqı öz mandatına uyğun olaraq Ermənistanda monitorinq missiyasını davam etdirəcək və indiki məqamda hər hansı dəyişikliyə ehtiyac yoxdur.

turaninsesi.az” xəbər verir ki, bu sözləri Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos “Azadlıq” radiosuna deyib.

“Bildiyim qədər, Ermənistan xalqı və hakimiyyət orqanları Aİ-nin Ermənistandakı missiyasını alqışlayır. O, fəaliyyətini davam etdirir. Və hər hansı dəyişikliyə ehtiyac olarsa, bunu üzv dövlətlərimizlə və təbii ki, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma indiki mərhələdə Ermənistan ictimaiyyətini əmin etmək istəyirəm ki, Aİ missiyası öz mandatına uyğun olaraq fəaliyyətini davam etdirəcək”, – Aİ səfiri bildirib. 

Vaşinqtonda sazişin paraflanmasından sonra hər hansı müzakirələrin olub-olmaması ilə bağlı suala Maraqos belə cavab verib:

“Vurğulamalıyam ki, Aİ-nin Ermənistandakı missiyası Ermənistan hakimiyyətinin tələbi ilə buradadır və nə qədər lazımdırsa, burada qalacaq. Bu, sülh və nizamlanma alətidir. Biz bunu tam dəstəkləyirik”.

Xatırladaq: Sülh müqaviləsinin mətnini razılaşdırdıqdan 5 ay sonra Ermənistan və Azərbaycan avqustun 8-də Vaşinqtonda sazişi paraflayıblar. Razılaşmaya əsasən, İrəvan və Bakı ümumi sərhədləri boyunca hər hansı üçüncü tərəf qüvvələrini yerləşdirməkdən çəkinəcəklər.

2023-cü il fevralın 20-də Aİ-nin silahsız müşahidəçiləri Ermənistana gəliblər.Bu ilin yanvarında Avropalı müşahidəçilərin Ermənistanın sərhədyanı ərazilərində mövcudluğunun daha iki il, 2027-ci il fevralın 19-dək uzadılması qərara alınıb.

Rəsmi Bakı dəfələrlə Aİ-nin Ermənistandakı missiyasını “casusluqda” ittiham edib. Aİ missiyası bu ittihamları qəti şəkildə rədd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI