Adil Əliyev: “Mövcud saziş Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlığı artıracaq”
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dekabrın 17-də Rumıniyaya səfəri ölkəmiz üçün əhəmiyyətli idi. Cənab İlham Əliyev həm Rumıniya Prezidenti Klaus Yohannislə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı mövzularını müzakirə etdi, görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlinildiyi bildirildi, həm də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan liderləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimi ilə bağlı plenar iclas keçirildi.
“Turanın səsi” xəbər verir ki , deputat bu barədə öz facebook sehifəsində yazaraq bildirmişdir.
Azərbaycan Buxarestdəki tədbir vasitəsilə Avropanın enerji təhlükəsizliyinə daha bir töhfə verəcək. Cənab İlham Əliyevin tədbirdə söylədiyi kimi, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Buxarestdəki tədbirdə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin iştirakı Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın genişlənməsinə maraqdan irəli gəlirdi.
Mövcud saziş Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlığı artıracaq. Avropanın enerjiyə ehtiyacı artıb. Azərbaycan Avropaya mavi yanacaq ixrac etməklə yanaşı bərpa olunan enerji də çatdıracaq. Başqa sözlə Azərbaycan külək və günəş enerjisi istehsalını artırmaqla Gürcüstan və Qara dənizdən çəkiləcək elektrik xətti vasitəsilə Avropa ölkələrinə ekoloji baxımdan təmiz enerji ixrac edəcək. Bu Azərbaycanla Avropa arasında əməkdaşlığın yeni sahəsi olacaq. Digər tərəfdən yeni layihə Xəzər dənizini Qara dənizə bağlayacaq. Bu layihənin rəqəmsal kommunikasiya bağlantısı da olacaq. Azərbaycan elektrik enerjisini Gürcüstan, Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqının digər dövlətlərinə çatdıracaq. Belə olan halda Avropa İttifaqı bu layihənin təhlükəsizliyini gücləndirəcək, yəni bu sahədə də Bakı ilə Brüssel arasında təmaslar artacaq.
Əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulub. Avropa Azərbaycan qazı və elektriki vasitəsilə öz enerji təhlükəsizliyinin qoruyacaq, Azərbaycan isə böyük Avropa bazarına çıxış imkanı qazanacaq. Bu o deməkdir ki, Azərbaycanın inkişafı və təhlükəsizliyi Avropa üçün vacib amilə çevrilməlidir.
Ona görə də Qərbdəki bəzi ermənipərəst dairələr Azərbaycana qarşı ədalətsiz ittihamlar səsləndirdikdə evlərinin və iş yerlərinin qızdırılmasında hansı ölkənin də payının olduğunu unutmasınlar, tərəzinin bir gözünə Ermənistanı, o biri gözünə Azərbaycanı qoysunlar.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09