Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.
“Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.
Türkiyə Prezidenti həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.
R.T.Ərdoğan eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.
“Biz kimsənin yaşadığımızı yaşamasını və bu cür ağır sınaq qarşısında qalmasını istəmirik”, – Türkiyə lideri tədbirdə çıxışı zamanı söyləyib.
O bildirib ki, kimsə təbii fəlakətlərdən sığortalanmayıb: “Zəlzələnin təsirlərinin aradan qaldırılması üçün bizə kömək edən hər kəsə, o cümlədən əcnəbi dostlarımıza təşəkkür edirəm. Əsrin fəlakəti qarşısında bütün millətimiz səfərbər oldu. Dünyanın 90 ölkəsindən gələn xilasedicilər bizə dəstək verdi. Könüllülərlə birlikdə təxminən 650 min insanımız zəlzələ baş vermiş ərazilərə axın etdi”.
R.T.Ərdoğanın sözlərinə görə, zəlzələdən sonra 60 ölkə və beynəlxalq təşkilat Türkiyəyə səhra çadırı göndəriblər: “Biz bunları unutmuruq. Qara günün dostlarını tanıyırıq. Vaxtı ilə dəstək olduğumuz dostlarımız zəlzələ zamanı bizi tək qoymadılar. Türkiyəyə gələn əcnəbi xilasedicilər həm bizim, həm də öz ölkələrinin qürur mənbəyi oldu”.
Prezident bildirib ki, fevralın 6-da baş vermiş zəlzələ tarixin ən dəhşətli fəlakətlərindəndir.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.