Vətən müharibəsindən sonra 282 nəfər azərbaycanlı mina qurbanı olub
“Ermənistan işğal dövründə minlərlə kv. km. Azərbaycan ərazilərinin minalanmasını həyata keçirib, hal-hazırda mina təhdidini davam etdirir və yalnız 44 günlük Vətən müharibəsindən sonra davam edən mina partlamaları nəticəsində 282 nəfər azərbaycanlı mina qurbanı olub”.
“Turanın səsi ” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 20 yanvar 2023-cü il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların Laçın yolundan daşınaraq ərazilərimizdə yerləşdirilməsinin müsahibə zamanı danılması və guya onların Azərbaycan tərəfindən Ermənistan ərazisindən çıxarılaraq ölkəmizə gətirildiyi arqumentləri elementar hərbi biliklərə və məntiqə sığmır:
“Azərbaycan tərəfi 2021-ci il Ermənistan istehsalı minaların mövcud olduğu əraziləri və belə minaların çoxlu sayda nümunələrini Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanına, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə və Rusiya kontingentlərinin rəhbərlərinə, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlərə nümayiş etdirilib. Bu minalara hərbçilər və mütəxəssislər baxış keçirib. Bu faktların danılması qeyri-mümkündür. Son onilliklər ərzində Ermənistan tərəfindən minaların istehsal və ixrac edilmədiyi barədə bəyanatların və aidiyyəti beynəlxalq platformalarda Ermənistanın hesabatlarında bu barədə iddiaların yalnız yalandan ibarət olduğu məlumdur. Misal olaraq, Ermənistanın ATƏT yanında Daimi Nümayəndəliyi hələ 5 oktyabr 2022-ci il tarixində ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxışı zamanı Ermənistanda mina istehsal olunmadığını bəyan etmişdi. İndi isə Ermənistan xarici işlər naziri nəinki Ermənistanda 2021-ci ildə mina istehsal edildiyini, eyni zamanda əvvəlki təkziblərə baxmayaraq Azərbaycanın ərazilərində aşkarlanmış sözügedən minaların Ermənistan istehsalı olduğunu təsdiqləyir. Qeyd edilənlərlə yanaşı, müsahibədə Ermənistan tərəfinin yalnız Ermənistan Respublikası ərazisində minalar basdırdığı barədə iddiaları da riyakarlıqdır”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09