Türkiyəli sürücülər etiraza qalxdı, Naxçıvanda həbslər başladı
Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun 2 əməkdaşı həbs olunub.
Adları açıqlanmayan həmin gömrük məmurları gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda başlanan cinayət işi üzrə saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub. Barələrində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Turanın səsi ” in əldə etdiyi xəbərə görə, həbs son günlər Türkiyəli TIR sürücülərinin keçirdikləri etiraz aksiyasının nəticəsi olaraq baş tutub. Təxminən 15 gün əvvəl aksiya keçirən TIR sürücüləri onları əsassız olaraq günlərlə keçid məntəqəsində saxlanıldıqlarını bildirirdilər:
“Sədərək gömrüyü 100-150 dollar pul almaq üçün milləti burada əsir tutub. Sürücülər də buna etiraz olaraq aksiyaya başlayıb. Hazırda gömrükdə 500-ə qədər yük maşını qalıb” – deyə aksiya iştirakçıları bildirirdilər.
Aksiya yerindən yayılan videodan da görünür ki, keçid məntəqəsi boş olmasına baxmayaraq, sürücülər saxlanılıb, qarşı tərəfə buraxılmır.
Sədərək gömrük postundakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə isə, həmin iki gömrük məmuru türkiyəli TIR sürücülərindən rüşvət aldıqlarına görə həbs olunub:
“Türkiyəli sürücülərin gömrük qarşısında etirazının ictimailəşməsi geniş rezonans yaratdı. Məsələyə Türkiyə dövləti də qarışıb. Bizimkilər də ara sakitləşsin deyə, iki nəfəri həbs ediblər. Lakin, adını Türkiyə vətəndaşlarından rüşvət aldı qoya bilmirlər. Çünki, sürücülərin etiraz aksiyası ictimailəşdikdən sonra DGK bəyanat yayaraq, rüşvət məsələsini təkzib etmişdi”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI