Samir Şərifov BVF rəsmisi ilə Azərbaycan iqtisadiyyatı ilə bağlı fikir mübadiləsi aparıb
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov BVF-nin İcraçı Direktorunun müavini Bo Li ilə Azərbaycan iqtisadiyyatının cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Şərifov və nazirliyin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində səfərdədir.
S.Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısının Plenar iclasında iştirak edib. BVF və Dünya Bankı Qrupuna üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, mərkəzi bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin də iştirak etdiyi plenar iclasda çıxış edən BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun Prezidenti David Malpass dünya iqtisadiyyatının cari vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinin qlobal iqtisadiyyat qarşısında yaratdığı çağırışlar, o cümlədən yüksək inflyasiya təzyiqləri və ərzaq təhlükəsizliyi, qlobal iqtisadi inkişafın zəifləməsi və bir çox ölkələrdə borc dayanıqlığının pozulması risklərinə toxunaraq bu problemlərlə mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Plenar iclasda həmçinin Direktorlar Şurası tərəfindən təsdiq olunmuş BVF və Dünya Bankı Qrupunun dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı birgə bəyanatı təqdim olunub.
Səfər çərçivəsində S.Şərifov BVF-nin İcraçı Direktorunun müavini Bo Li ilə görüşüb. Görüş zamanı Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.
Nazir ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən islahatlar, qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası, habelə işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, fiskal dayanıqlğın təmin edilməsi üçün fiskal intizamın qorunması və neft gəlirlərindən asılılığın azaldılması hökumətin diqqət mərkəzindədir və bununla bağlı BVF ölkəmizə hərtərəfli dəstək göstərib.
Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid, büdcə şəffaflığının və hesabatlılığın gücləndirilməsi islahatlarının həyata keçirilməsindən bəhs edən S.Şərifov ölkəmizin Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən hazırlanmış sonuncu Açıq Büdcə İndeksi hesabatında 37 bal irəlilədiyini bildirib.
Öz növbəsində Bo Li dünyada iqtisadi artımın yavaşlaması, qlobal risklər barədə fikirlərini bölüşüb. O, son illərdə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib, BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Azərbaycanın maliyyə nazirinin oktyabrın 15-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə görüşündə isə Azərbaycan ilə Bank arasında mövcud əməkdaşlıq müzakirə olunub. Eyni zamanda, cari ilin sentyabr ayında xanım Byerdenin Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə qaldırılan məsələlər və verilmiş tapşırıqlara uyğun olaraq Qarabağın və Şərqi Zəngəzurun bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
BVF və Dünya Bankının rəhbərliyi ilə keçiriən görüşlərdə Azərbaycan Respublikası Mərkəzi Bankıının sədri Taleh Kazımov və bankın nümayəndə heyəti də iştirak edib.
Vaşinqtona səfəri çərçivəsində Samir Şərifov həmçinin, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında ticarət olunan istiqrazlarının investorları olan investisiya bankları və maliyyə-investisiya şirkətlərinin nümayəndələri ilə də görüşüb.
Görüşdə Azərbaycan iqtisadiyyatında hazırkı makroiqtisadi vəziyyət və inkişaf dinamikası, ölkənin uzunmüddətli inkişaf vektorunu müəyyənləşdirmək üçün qəbul edilən strategiya barədə məlumat verilib, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası, həmin rayonların iqtisadiyyata yenidən reinteqrasiyası, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin həyata keçirilməsi olduğu diqqətə çatdırılıb.