“Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfrans keçirilir
Bakıda “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfrans keçirilir.
“Turanın səsi ” xəbər verir ki, tədbirin təşkilatçıları Bakı Beynəlxalq Multukulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasıdır.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Tarix İnstitutunun baş direktoru Kərim Şükürov və başqa ictimaiyyət nümayəndələr iştirak edir.
Tədbirin keçirilməsində məqsəd dünya Albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr təşkil etməkdir. Qafqaz Albaniyasında xristianlığa qədərki dinlər, xristianlıq, İslam sivilizasiyası, sosial həyatın xüsusiyyətləri mövzularını əhatə edən konfransda “Tarixi coğrafiya. Əhali və sosial həyat”, “Qafqaz Albaniyası xristianlığaqədərki və xristianlıq dövründə”, “Qafqaz Albaniyası: Coğrafi paralellər, iqtisadi və mədəni həyat”, “Qafqaz Albaniyası: Məbədlər və abidələr” adlı bölmə iclaslarında müzakirələr aparılacaq.
Bölmə iclaslarında Türkiyə, Cənubi Koreya, Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Böyük Britaniya, Norveç, Litvanı təmsil edən tədqiqatçı alimlər, mövzunun mütəxəssisləri Albaniya tarixinin müxtəlif məsələləri ilə bağlı məruzələrini səsləndirəcəklər.
Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır.