Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

0

Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib.  
Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
Hərbi qulluqçuların xidmət və məişət şəraiti, mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlərdən danışan general-polkovnik Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Müdafiə naziri şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair tapşırıqlar verib.
Döyüş növbətçiliyi, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin şəxsi heyətin sağlamlığının qorunmasında mühüm rol oynadığını bir daha xatırladan nazir hərbi qulluqçulara bu qaydaların müntəzəm olaraq çatdırılmasını, həmçinin riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.
General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən tamamlanması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.
Müşavirənin sonunda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir