“Hamı üçün faciə” Arazdəyəndə inşa edilən metallurgiya zavodu ilə bağlı çağırış-YENİLƏNİB -TAM MƏTN
“Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pisləyib.
Azərbaycanda QHT-lərin yaratdığı “Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib.
“Turanın səsi ” bəyanatın tam mətnini təqdim edir:
“Biz, bu günlərdə təsis edilmiş “Environmental Protection First” Koalisiyası olaraq, Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyinin Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodu ilə bağlı yaydığı cavab bəyanatını qınayırıq.
Bu irimiqyaslı metallurgiya zavodunun tikintisi beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının (Espo Konvensiyasının) tələblərinə açıq şəkildə məhəl qoymur. Espo Konvensiyasi ekoloji problemlərin milli sərhədlərdən kənardakı ərazilərə də təsir etdiyini qəbul edir və birdən çox ölkənin təsirləndiyi müəyyən vəziyyətlər üçün beynəlxalq dialoqun vacibliyini vurğulayır. Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma olmadan sərhəd boyu ərazidə belə bir obyektin tikintisi transsərhəd situasiyalarda ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlmiş 1991-ci il Espo Konvensiyasının tələblərinin açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Espo Konvensiyasının təlimatlarına uyğun olaraq, tikinti ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi tikinti olan əraziyə yaxın olan Azərbaycan ərazisində yaşayan sakinlərin, eləcə də eko-fəalların rəyi nəzərə alınmaqla, Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılmalıdır.
Belə bir böyük zavodun tikintisi nəticəsində transsərhəd kontekstdə yaranan ətraf mühitə müdaxilə ilə bağlı Ermənistan Azərbaycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb. Məşhur ekoloq Garrett Hardin qeyd edirdi ki, bütün su axarlarının çirklənmə təhlükəsi var, ümumi torpaqlardan istifadə hüququnun qanunlara əsasən idarəolunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razılaşma əldə etməsi vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək.
Ermənistan tərəfinin cavabı əməkdaşlığı inkar etmək, Espo Konvensiyasının tələblərini pozmaq və mövzudan yayınmaqdır. Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etmək, zərərin həcmini ölçmək və potensial həllərin müəyyən edilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini (Azərbaycan və Gürcüstandan olan QHT-lər də daxil olmaqla) cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndirmə aparmaq üçün əlverişli mühit yaratmalıdır.
Espo Konvensiyasının 3.1 və 3.7-ci maddələrinə, eləcə də həmin Konvensiyanın I Əlavəsinin 4-cü bəndinə istinad edərək, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistandan Arazdəyəndə (Yerasx) həyata keçirilən fəaliyyətlərdən irəli gələn mənfi transsərhəd təsirlərə dair hərtərəfli məlumat tələb edib. Bu məlumatın verilməsi Ermənistanın beynəlxalq öhdəliyidir. Azərbaycan tərəfinin guya Arazdəyəni (Yerasxı) atəşə tutması ilə bağlı Ermənistanın cavabında irəli sürülən əsassız ittihamlar tamamilə yalandır və qəbuledilməzdir. Biz ekoloji fəlakətlə bağlı dərin narahatlıqlarımızı dilə gətirsək də, Ermənistan bunu bilərəkdən siyasiləşdirir və mövzudan yayınmağa çalışır. Bu cür təxribatlar ekoloji pozuntular üçün kamuflyaj ola bilməz.
Ermənistanın rəsmi qurumları məlumatları təqdim etmək əvəzinə, media vasitəsilə mümkün təsirlərin minimal olacağını ilə bağlı inandırmağa çalışırlar. Təəssüf ki, bu mövqe Espo Konvensiyasının tələblərinə ziddir.
Tərəfimizdən aparılan ilkin təhlil onu göstərir ki, Ermənistanda fəaliyyət göstərən mədən sənayesi müəssisələrinin torpaq, havanın keyfiyyəti, səth və yeraltı suların vəziyyəti, eləcə də flora və fauna ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri ictimaiyyət üçün tam şəkildə açıqlanmır.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) 2022-ci ildə Ermənistanla bağlı hesabatda da vurğulanır ki, ölkədəki bəzi mədən şirkətləri 2020-2021-ci illər üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini hazırlamayıblar və ictimaiyyətə təqdim etməyiblər.
Qeyd olunan halları və Ermənistanın mədən sənayesinin illər ərzində Azərbaycanın ekoloji mühitinə zərərli təsirindən yaranan ictimai narazılığı nəzərə alaraq, Koalisiyamız Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin tam açıqlanmasını gözləyir. ƏMTQ hesabatlarının tam mətnləri ictimaiyyətə açıqlanmalıdır. Ermənistan bu mühüm ekoloji qeydləri gizlətməməli və bu barədə hüquqi öhdəliyini unutmamalıdır.
Biz Ermənistanın mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini öz rəsmi internet səhifələrində dərhal dərc etməyə və beləliklə, bu məlumatları ictimaiyyətə açıqlamağa çağırırıq. Məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır.
Ermənistandan təsirə məruz qalan icmaların bu zavodların fəaliyyəti haqqında məlumat əldə etməsinə və qərarların qəbulu proseslərində iştirakına imkan yaratmaq, eləcə də ətraf mühitə dəyən zərərin aradan qaldırılması ilə bağlı həll yollarına dair zəmanət verməklə, öhdəliklərini yerinə yetirməsi tələb olunur.
Birləşmiş Millətlər Təşkilatının “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri” hasilat sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün mühüm çərçivə təmin edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarına riayət etmələri, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə əlaqə saxlamaları zərurətini vurğulayır. Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisi ilə məşğul olan bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa çağırırıq”.
12:27
Azərbaycanın QHT qrupunun yaratdığı “Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib.
“Report” xəbər verir ki, bu barədə koalisiyanın bəyanatında deyilir.
“Biz Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan həm yerli, həm də xarici şirkətləri ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini və bununla bağlı məlumatları ictimaiyyətə açıq etmək üçün dərhal öz rəsmi internet saytlarında dərc etməyə çağırırıq. Məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır”, – bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistan bu məsələnin təsir göstərdiyi şəxslərə zavodun fəaliyyəti haqqında məlumat ala bilmələri, qərarların qəbulu proseslərində və ətraf mühitə dəyəcək hər hansı zərərin aradan qaldırılması zamanı iştiraklarını təmin etmək öhdəliklərini yerinə yetirməyə borcludur.
“Environmental Protection First” Koalisiyası hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə əsasən, şirkətlərin insan hüquqlarına hörmət etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısını alması zəruridir: “Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisində iştirak edən bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və bunları istehsalat təcrübələrində tətbiq etməyə çağırırıq”.