Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
Cari ilin 17-20 may tarixlərində Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində “Rusiya-İslam dünyası: KazanForum 2023” XIV Beynəlxalq İqtisadi Forumu keçirilib.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, forumda Azərbaycanın Baş Prokurorluğunu Baş prokurorun müavini Elmar Camalov, Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov və həmin idarənin böyük prokuroru Ülvi Əhmədov təmsil edib.
Tədbirdə çıxış edən Baş prokurorun müavini Elmar Camalov ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu bildirərək dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Səfər çərçivəsində Rusiyanın Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Rusiya Dövlət Dumasının Regional siyasət və yerli özünüidarəetmə komitəsi sədrinin birinci müavini Serqey Morozov və Sahibkarların müraciətləri ilə iş platformasının moderatoru Elina Sidorenko ilə görüşlər keçirilib.
Görüşlər zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, biznes sahəsində dövlətlər üçün neqativ nəticələrin aradan qaldırılmasında hakimiyyət orqanları, prokurorluq və vətəndaş cəmiyyəti institutlarının rolu, eləcə də yerli və xarici şirkətlərin hüquqlarının bərabər səviyyədə müdafiəsinin təmin olunmasında prokurorluq orqanlarının fəaliyyəti və digər mövzularla bağlı çıxışlar olub.
Bundan başqa, rusiyalı həmkarlarla görüş zamanı transmilli cinayətlərin törədilməsinə görə beynəlxalq cinayət təqibi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunması, həmçinin prokurorluq işçilərinin təlim və ixtisasartırma sahəsində qarşılıqlı fəaliyyətin inkişafına dair faydalı fikir mübadiləsi aparılıb.