“Bakı Metropoliteni”: “İnteqrə olunmuş nəqliyyat sistemi üzrə işlərə başlanılıb”
Bakıda inteqrə olunmuş nəqliyyat sisteminin mövcudluğu sıxlığı aradan qaldıra bilər və bu istiqamətdə işlər aparılır.
“Turanın səsi” xəbər verir ki , bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun görə, təmsil etdiyi qurum da müəyyən təhlillər aparır: “Sumqayıt və Xırdalandan paytaxta doğru uzanan sıxlığın aradan qaldırılması üçün inteqrə olunmuş nəqliyyat sisteminin fəaliyyəti daha çox təmin olunmalıdır. Bu, təkcə metro deyil, digər strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilməlidir. Burada daha çox yük, məsuliyyət digər qurumların üzərinə düşür. Yerüstü nəqliyyatın tənzimlənməsi təkcə bizdən asılı deyil. Hazırda “Xocəsən” stansiyası istiqamətində Bakı-Şamaxı yolu və Bakı Dairəvi Yol daha rahat nəqliyyat infrastrukturu hesab edilir. Bildiyiniz kimi, stansiyaya yaxın Pirəkəşkül, Müşfiq, Atyalı, Sulutəpə, Qobu, Hökməli kimi iri yaşayış məntəqələri yerləşir. Həmin ərazilərdən, müəyyən mənada Sumqayıt və Xırdalandan Bakı şəhərinə istiqamətlənən marşrutları, həmçinin Lökbatan qəsəbəsindən Bakı və Şimal istiqamətdə gedən sərnişinlərin istəyini və metronun özünün də potensialını nəzərə alaraq yeni və yaxud mövcud marşrut xətlərini bura yönəltmək olar. Bununla da şəhərdə fərqli və inteqrasiya olunmuş nəqliyyat sistemini yaratmaq mümkündür. Bildiyim qədəri ilə bu istiqamətdə artıq işlər görülür. Metropoliten də ilk gündən monitorinq və sorğular həyata keçirir. Təhlillər aparıldıqdan sonra müəyyən təşəbbüslər irəli sürüləcək. Artıq sərnişinlərimiz müəyyən təkliflərini veriblər. Bu təkliflər arasında Qobu, Hökməli və Müşfiq istiqamətində marşrut avtobuslarının təşkil edilməsi ilə bağlı fikirlər də var”, – deyə o qeyd edib.
Bundan başqa, metro rəsmisinin sözlərinə görə, “Xocəsən” stansiyasının istifadəyə verilməsi layihənin ikinci mərhələsi üçün nəzərdə tutulsa da, depo ilə eyni vaxta açılıb: “Xocəsəndə “Bənövşəyi xətt”in elektrik deposunun yeri əvvəlcədən təyin edilib. Dünya təcrübəsində də var ki, elektrik deposu inşa ediləndə zərurət yaranarsa orada yerüstü stansiya da tikilə bilər. Əvvəlki layihə üzrə “Xocəsən” stansiyasının istismara verilməsi birinci deyil, ikinci mərhələdə planlaşdırılırdı. Çünki o zaman şəhərdə gördüyümüz sıxlıqlar, eyniadlı qəsəbənin indiki səviyyədəki məskunlaşması yox idi. Bu səbəbdən də stansiyanın ikinci mərhələdə istismara verilməsi nəzərdə tutulurdu. Lakin əhalinin məskunlaşmasının və hərəkət intensivliyinin artması, ətraf ərazilərin inkişafı stansiyanın birinci mərhələdə istifadəyə verilməsinin daha məqsədəuyğun olduğunu göstərdi”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09