“Bakı Metropoliteni” gur saatlarda sıxlıqla bağlı məlumat yayıb
“Bakı Metropoliteni” QSC bir sıra stansiyalarda iş günlərində gur saatlarda qeydə alınan sıxlıqla bağlı məlumat yayıb.
“Turanın səsi” xəbər verir ki, QSC-dən daxil olan məlumatda deyilir:
“Məlumdur ki, iş günlərində gur saatlarda Bakı metropoliteninin bir stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.
Bu gün axşam gur saatı vaxtı “28 May” stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb.
Üzü yuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbi sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb. Bu stansiyada müasir tipli eskalatorlar tətbiq olunur. Onların idarəetmə panelində dayanma səbəbi də göstərilir. Məhz təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb.
Təxminən üç dəqiqəyə yaxın müddət ərzində platforma səviyyəsində sərnişinlərin qismən azalması müşahidə olunduğunda enişə hərəkət edən eskalator da qoşulub.
Ümumiyyətlə, bu stansiyada baş vermiş hadisə bir daha əyani göstərir ki, ani ehtiyatsızlıq və ya diqqətsizlik sərnişinlərin təhlükəsizliyinə xələl gətirə, hərəkətin normal təşkilinə maneə ola bilər. Bu səbəbdən sərnişinlərdən nəinki stansiya yolunda qatar gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o cümlədən eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica edirik. İstifadə qaydaları, ilk növbədə, hər bir sərnişinin təhlükəsizliyi üçündür. Onlara əməl edək”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09