Ziyafət Əsgərov : “Dost ölkə Macarıstanla olan strateji əməkdaşlığımız daha da möhkəmləndirildi”
Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin xarici siyasəti qədəm qoyduğumuz 2023-cü ildə də uğurla həyata keçirilməyə davam edir. Cənab Prezidentin Azərbaycanın Avropada ən yaxın və etibarlı tərəfdaşlarından biri olan Macarıstana səfəri də məhz ölkəmizin uğurlu xarici diplomatiyası və xüsusən, Avropa ölkələri ilə artan əməkdaşlıq konteksində böyük əhəmiyyət kəsb edir. Macarıstanın həm NATO-nun, həm də Avropa İttifaqının tam hüquqlu üzvü olduğunu xatırlasaq, bu əməkdaşlığın əhəmiyyəti daha da aydın görünər.
Hələ 2012-ci ildə cənab Prezidentin Budapeştə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanmışdır. Cari səfər zamanı isə strateji tərəfdaşlığa dair ikinci sənədin imzalanması, eləcə də enerji, kənd təsərrüfatı, miqrasiya sahəsində və digər sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması təsdiq edir ki, ölkələrimiz arasında münasibətlər daha da intensiv və sürətli şəkildə inkişaf etməyə davam edir.
Macarıstanla əməkdaşlığımızda əsas üstünlük təşkil edən sahə enerji sahəsidir. Cənub Qaz Dəhlizi vasitəsi ilə ölkəmiz artıq iki ildir ki, Avropaya qaz ixrac edir. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair bağlanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Macarıstan isə Azərbaycan qazının həm istehlakçısı, həm də onu digər Avropa ölkələrinə tranzit edəcək. Ötən ilin sonlarında istifadəyə verilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycan üçün təbii qaz resurslarımızı daha çox ölkəyə ixrac etmək imkanı yaratmaqla yanaşı, Macarıstan üçün də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit etmək imkanı verir. Ölkəmizdə həm də böyük yaşıl enerji potensialı var, Qarabağ və Şərqi Zəngəzurun düşmən işğalından azad edilməsindən sonra bu potensial daha da artmışdır. Azərbaycan artıq yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı mühüm layihələrin icrasına başlayıb. Bu sahədə Avropa ölkələri ilə əməkdaşlıq ölkəmizin qazandığı “enerji sahəsində etibarlı tərəfdaş” statusunu bir qədər də möhmkəmləndirəcəkdir.
Cənab Prezident yüksək siyasi uzaqgörənliklə bir məqamı vurğuladı ki, Azərbaycanla əməkdaşlıq edən Avropa ölkələri yalnız öz enerji təhlükəsizliklərini təmin etməklə qalmır, həm də Azərbaycanın ixrac etdiyi enerjini başqa ölkələrə çatdırmaq vasitəsi ilə yeni tranzit imkanları da əldə edirlər. Müasir dünyada isə bu olduqca mühüm faktordur. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə, Avropada ənənəvi kommunikasiya xəttlərindən istifadədə böyük çətinliklər yarandığı üçün yeni nəqliyyat-tranzit imkanlarının qazanılması hər bir ölkə üçün olduqca vacibdir. Regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çecvrilməkdə olan ölkəmizlə əməkdaşlıq bu baxımdan da Avropa ölkələri üçün çox əhəmiyyətlidir. Təsadüfü deyil ki, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır.
Macarıstanla iqtisadiyyatın digər sahələri, kənd təsərrüfatı, təhsil, şəhərsalma və başqa sahələrdə də qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanlar var. İşğaldan azad edilmiş rayonlarımızın bərpasında da Macarıstan şirkətlərinin iştirak etməsi planlaşdırılır. Cənab Prezidentin səfəri zamanı müxtəlif sahələr üzrə əməkdaşlığa dair bağlanmış sazişlər məhz bu sahələrdə əməkdaşlıq imkanlarının ən qısa vaxtda reallaşdırılması məqsədinə xidmət edir. Bu sazişlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu xüsusilə qeyd etmək lazımdır. Macarıstanın ən qədim şəhərlərindən biri olan Vesprem öz tarixi, mədəniyyəti, memarlığı, tarixi abidələri ilə məşhurdur. Vesrpem Avropanın ən qədim mədəniyyət paytaxtlarından biri hesab olunur. Azərbaycanın və türk dünyasının mədəniyyət beşiyi olan Şuşamızın məhz belə bir şəhərlə qardaşlaşmış şəhər elan edilməsi mədəniyyətimizə verilən böyük hörmətin və dəyərin göstəricisidir. Şuşa və Vesperm şəhərləri arasında bağlanılmış Anlaşma Memorandumu təkcə Azərbaycanla Macarıstan arasında yox, bütün türk dünyası ilə Avropa arasında mədəniyyət əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bu Memorandum həm də düşmən işğalından azad olunmuş Şuşanın əsl sahiblərinə qayıtması və əzəli Azərbaycan torpaqları olması faktının bir daha bütün dünya tərəfindən qəbul edildiyini sübut edir ki, bu da ölkəmizin qazandığı daha bir uğurdur.
Əlbəttə, xarici siyasi sferada, dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq, dostluq və mütəffiqlik münasibətlərinin qurulmasında əldə etdiyimiz bu uğurların memarı cənab Prezident İlham Əliyevdir. Ölkəmizin sabit və balanslaşdırılmış mövqeyi, əməkdaşlıq etdiyimiz ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn prinsiplərinə dönmədən sadiqlik, verdiyimiz sözlərə hər zaman əməl etməyimiz və şübhəsiz ki, cənab Prezidentin beynəlxalq aləmdə şəxsi nüfuzu, ona olan böyük inam, etimad və hörmət Azərbaycanı dünya ölkələri üçün etibarlı və faydalı tərəfdaşa çevirmişdir. Macarıstanın Baş naziri Viktor Orbanın da cənab Prezident haqqında söylədiyi sözlər bizim üçün çox qürurvericidir. Olduqca mürəkkəb regionda ölkəyə rəhbərlik edən cənab Prezidentin əməyinin, bilik və bacarıqlarının Macarıstan Baş naziri tərəfindən yüksək qiymətləndirilməsi, onun cənab İlham Əliyevdən çox şey öyrəndiyini etiraf etməsi və bundan sonra da beynəlxalq arenada uğur qazanmaq üçün çox şey öyrənməli olduğunu deməsi İlham Əliyev şəxsiyyətinə, onun diplomatik bacarıqlarına olan böyük hörmətin təsdiqidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə Komitəsinin
sədri Ziyafət Əsgərov