“Zəngəzur dəhlizinin işə düşməsi Rusiya üçün yeni imkanlar açır” -DEPUTAT

Zəngəzur dəhlizinin işə düşməsi Rusiya üçün yeni imkanlar açır

Ukrayna müharibəsindən sonra Rusiya hazırda Avropa ölkələrilə münasibətlərində ciddi böhran dövrünü yaşayır.

Demək olar ki, keçmiş SSRİ-nin tarixə qovuşmasından sonrakı mərhələdə “Köhnə dünya” ilə münasibətlərində bum yaşayan Rusiya hazırda iqtisadi-ticari əlaqələrinin istiqamətini dəyişməyə məcbur olub. Qərbin Rusiyaya qarşı “sanksiya pərdəsini” endirdiyi bir şəraitdə Şərq vektoru Moskva üçün siyasətdə, ticarətdə və nəqliyyat logistikası sahəsində mühüm istiqamətə çevrilib. Xüsusilə də Rusiya enerji axınlarının qərbdən cənub-şərqə istiqamətləndirilməsi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. 
Bu fikirləri “Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov  deyib.


Deputat bildirib ki, Moskva Şərq ölkələrinin limanlarına çıxış əldə etmək üçün bir sıra beynəlxalq kommunikasiya xətlərinin yaradılmasına  və inkişaf etdirilməsinə çalışır. Şimal-Cənub Nəqliyyat Dəhlizi logistikasında mühüm yeri Qərb marşrutu (Həştərxan-Mahaçqala-Samur-Bakı-Astara-Rəşt-Qəzvin) tutur ki, bu da Yaxın Şərq və Cənubi Asiyaya ən qısa marşrutdur. Xatırladaq ki, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Bu yolun açılması Moskva üçün strateji əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reaalıqlar Rusiyanı daha bir strateji yola- Zəngəzur dəhlizinə diqqətini yönəltməyə şərait yaradıb.
Bir çox mütəxəssis Qafqazda yeni geosiyasi konfiqurasiyanın mərkəzi elementinin məhz “Zəngəzur dəhlizi”nin olduğunu bildirirlər. Rusiya da bu yolun işə düşməsini istəyir, çünki bu, Moskvaya yeni üstünlüklər gətirəcək. Rusiya regionda önəmli ölkədir və şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İqtisadi nöqteyi-nəzərdən Rusiya, İran və Hindistan arasında şimal-cənub və şərq-cənub iqtisadi marşrutları nəzərə alınmaqla, bu dəhliz yeni ticarət-iqtisadi yolların inkişafında mühüm qovşaq ola bilər. Buna görə də, deyə bilərik ki, yeni logistika kanallarının axtarışı Rusiyanın Qərbin sanksiya təzyiqlərinin neytrallaşdırılmasına yönəlib.
Rəşad Mahmudov sonda qeyd edib ki, bundan başqa, siyasət iqtisadiyyatın davamıdır, deyiblər. Buna görə də, demək olmaz ki, Rusiyanın yeni yollar axtarmasının arxasında yalnız iqtisadi maraqlar dayanır. Əlbəttə, Zəngəzur dəhlizinin işə düşməsi Rusiya üçün yeni imkanlar açır və ona görə də Rusiya da yaxın gələcəkdə dəhlizin açılmasında maraqlıdır. Bu dəhliz vasitəsilə Rusiyanın Azərbaycandan keçməklə Ermənistana birbaşa quru yolu olacaq. Bu, Ermənistanla daha rahat iqtisadi əlaqələr qurmağa imkan verəcək. Rusiya, həmçinin Yaxın Şərqə alternativ marşrut yaradacaq yeni dəhliz vasitəsilə İrana əlavə çıxış əldə edəcək. Bu isə adı çəkilən ölkələrlə iqtisadi münasibətlərinin nəbzini tutmağa və iqtisadi əməkdaşlığı dərinləşdirməyə imkan yaradacaq. Ona görə də, dəhlizlər məsələsində Rusiya üçün ən mühüm amilin məhz iqtisadi maraqlar olduğunu demək mümkündür.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir