Yeni nazir kimdir? -DOSYE

Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin olunub. Prezident İlham Əliyev fevralın 10-da bununla bağlı sərəncam imzalayıb. 

turaninsesi.az ” yeni nazirin tərcümeyi-halını təqdim edir:

R.İsmayılov 1979-cu il avqustun 27-də anadan olub. O, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2005-2008-ci illərdə isə “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlamışdır. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi, 2010-2012-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal  və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi, 2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Prezident yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləyib.

Prezidentin 15 avqust  2024-cü il tarixli 251 nömrəli sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Arzu Paşaqızı