YAP-ın qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr bütünlüklə yerinə yetirilib 

0

Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr bütünlüklə yerinə yetirilib .

21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat – Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, ümummilli lider Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.

1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndərin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu ilk öncə ölkəmizə olan inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı.

Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, bu gün onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının regionda ən nüfuzlu partiya olmasının başlıca səbəblərindən biri də təşkilatın bölgələrdə göstərdiyi uğurlu, müvəffəqiyyətli və səmərəli nəticələridir. 

Bu gün ümummilli lider Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir. Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Xüsusilə də Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Yeni Azərbaycan Partiyası da bütün bu proseslərdən kənarda qalmayıb. Bu baxımdan partiyanın 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra keçirilən tədbirlər diqqəti cəlb edir. Həm də ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr bütünlüklə yerinə yetirilib. 

Beləliklə də, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə  əminlik yaradır.

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.

Sənan Əliyev – ADPU tədris departamentinin direktoru, dosenti

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir