Deputat : “Tarix yaradan liderin qələbə zirvəsi haqqında bir neçə söz”
Fikir dühalarından birinin dediyi kimi tarixi liderlər yaradır, tarixiçilər yazır. Azərbaycan tarixində tarix yaradan lider o qədər də çox deyil.
“Turanın səsi” xəbər verir ki , bu fikirləri Milli Məclisin deputatı ,Tibb elmlər doktoru Rəşad Mahmudov öz facebook səhifəsində paylaşaraq bildirmişdir.
Bu o liderlərdir ki, ölkənin taleyində həlledici rol oynamaqla adlarını tarixə həkk ediblər. Onlar vətənin dar günündə zəkaları, müdriklikləri və nüfuzları ilə xalqı toparlayıb milli bəlaları sovuşdurmağı, ölkəni əmin-amanlığa qovuşdurmağı bacarıblar.
Ümummilli lider Heydər Əliyevin yaratdığı mükəmməl əsaslar üzərində onun quruculuq strategiyasını yaradıcılıqla davam etdirən, müstəqil Azərbaycan dövlətini yeni inkişaf və tərəqqi yoluna çıxaran Prezident İlham Əliyev də ölkəmizdə və dünyada tarix yaradan lider kimi qəbul edilib. Dövlət başçımızın belə mükəmməl rəhbərliyinin nəticəsi olaraq bu gün Azərbaycan əsrlərdən gələn şərəfli bir yolun ən yüksək nöqtəsindədir. Bu zirvənin fəth olunması keçmişimizdə tarix yaratmış bütün lider şəxsiyyətlərinin ruhunu şad edir.
Belə bir tarixi zirvənin fatehi Prezident İlham Əliyevdir. Elə bir fateh ki, bundan sonrakı Azərbaycanın bütün yüksəliş yolunu müəyyənləşdirir. Bu yüksəklikdən ötənlərin mənzərəsi və gələcəyin hüdudları aydın görünür. Prezident İlham Əliyev siyasi təfəkkürü, idarəçilik bacarığı, liderlik fəhmi və nəhayət, sərkərdə kimi hərbi qüdrəti ilə müasir dünyanın siyasi arenasında bənzərsiz bir lider obrazı yaradıb. Bu liderliyin arxasında həm də bütöv bir xalqın tükənməz sevgisi dayanır.
Azərbaycan Prezidentinin milli dövlət və qadir xalq naminə yürütdüyü siyasətdə düşmənə layiq olduğu qiymət, dosta sədaqət və hörmət anlayışı xalqın tam dəstəyini qazanıb. Dövlət başçısı kimi insanlarla səmimi ünsiyyəti, idarəçilikdə hər zaman vətəndaş marağını öndə tutması Prezident İlham Əliyevi lider olaraq cəmiyyətin nəzərində daim yüksəldən keyfiyyətlərdir.
Ölkəmizin başçısının bu gün fəth etdiyi zirvə onun genetik mənşəyi və keçdiyi zəngin həyat yolu ilə birbaşa bağlıdır. Ümummilli lider Heydər Əliyev kimi bir dühanın ailəsində böyüyən İlham Əliyev siyasətə həvəskar deyil, bunu bir elm olaraq öyrənən alim kimi gəlib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda elmi dərəcə alan İlham Əliyev əvvəlcə müstəqil Azərbaycanın millət vəkili və Avropa Şurasında parlament nümayəndə heyətinin rəhbəri kimi liderliyin nəzəriyyə və praktikasını təcəssüm etdirən siyasətçi kimi xalqın içindən çıxdı. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyində çalışan gələcək Prezident daxili və xarici siyasət sahəsində məharətini iqtisadi düşüncə ilə birləşdirmək bacarığını sübut edib.
Bir sözlə, 2003-cü ildə Azərbaycanın rəhbərliyinə gələrkən İlham Əliyev artıq dövlət idarəçiliyi üçün lazım olan bütün keyfiyyətlərə mükəmməl yiyələnmişdi və ümummilli lider Heydər Əliyevin “mən ona özüm qədər inanıram” mesajı məhz bu həqiqətin təsdiqi idi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa verdiyi vədləri tam şəkildə yerinə yetirən dövlət başçısı kimi hamı tərəfindən sevilir və elə liderlik fenomeninə çevrilib. Sirr deyil ki, onun hakimiyyəti dövründə Azərbaycan daxili sabitliyinə, iqtisadi gücünə, idarəçilik formasına, beynəlxalq münasibətlər sistemindəki mövqeyinə görə ən yüksək zirvədə qərarlaşıb. Ötən müddət ərzində aparılan iqtisadi, sosial və siyasi islahatlar dünya dövlətçilik sistemi üçün mükəmməl Azərbaycan modelini ortaya qoyub ki, bunun da şəriksiz müəllifi, heç şübhəsiz, Prezident İlham Əliyevdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası da milli lider İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidır. Zəfər savaşı dövründə Ali Baş Komandan, Prezident, diplomat və siyasətçi kimi İlham Əliyev analoqu olmayan bir bacarıq və qüdrət ortaya qoydu. “Dəmir yumruq” əməliyyatının qələbə ilə başa çatması yalnız Vətəni bütövləşdirmək deyildi, həm də bir xalqın şərəf tarixinin yazılması idi. Bu gün İlham Əliyev quzeyli-güneyli, dünya azərbaycanlılarının lideri kimi hər bir soydaşımızın milli qürur mənbəyidir.
Vətən müharibəsinin qəhrəmanlarından biri şanlı savaşdan danışaraq bildirmişdi: “Biz düşmən məntəqəsini hədəf götürmüşdük, oranı vurmağı əmr etdim. Amma uşaqların və mülki şəxslərin bura gəldiyini görəndə, atəş əmrini dayandırdım. Mülki şəxslərin hədəf götürülməsi ordumuza yad olan xüsusiyyətdir. Çünki bu ordunun Komandanı İlham Əliyev idi”.
Sərkərdəsi İlham Əliyev olan ordu təkcə zəfər qazanmadı, ədaləti pozulan dünyaya müharibə əxlaqından dərs verdi. Bütün dünyaya sübut etdi ki, hədəfimiz uşaqları, mülki şəxsləri qətlə yetirmək deyil, haqqımıza sahib olmaqdır! Elə bu haqqı bizə qaytaran da Prezident İlham Əliyev oldu.
Bütün bunlara görə dövlətini və xalqını qələbə zirvəsinə yüksəldən, pozulmuş milli haqları yerinə qaytaran, hər addımda bir tarix yazan Azərbaycan liderinin doğum günü ölkəmizdə əlamətdar və tarixi günlər sırasında çoxdan yer alıb. Doğum günün mübarək, haqqın adamı!
Rəşad Mahmudov,
Tibb elmlər doktoru
Millət vəkili
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09