“Sərhəd-buraxılış məntəqəsinin qurulması İlham Əliyevin xarici və hərbi siyasətinin mühüm uğurudur”
“Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisədir və çox böyük beynəlxalq uğurdur. Bu hadisə Prezident, cənab İlham Əliyevin çox peşəkar, qətiyyətli və soyuqqanlı xarici və hərbi siyasətinin mühüm uğurudur”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Ermənistan Qarabağda işğalçılıq siyasətini Şuşanı və Laçını işğal edərək başlamışdı:
“Biz də Ermənistanın bu siyasətinə Şuşanı və Laçını azad etməklə, sərhədlərimizə tam nəzarət etməklə son qoyduq. Beləliklə, “Böyük Ermənistan”, “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası) ideyaları məhv edildi. Çox keçməz Qarabağın bütün kənd və şəhərlərində bayrağımız dalğalanacaq. Bu artıq zamanın tələbidir, nəinki bizim”.
Deputat əlavə edib ki, bundan sonra Azərbaycanı daim güclü saxlamaq lazımdır:
“Düşmən, daim düşmən olaraq qalacaq. Ən adi zəiflədiyimiz anda zərbə endirəcəklər. Millət, dövlət məsələlərində hər birimiz vahid mövqedən çıxış etməli, milli dövlətçiliyin təməl yolu olan Heydər Əliyev yolundan çıxmamalıyıq!
Bu hadisə Ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində xalqımıza mühüm ərməğan oldu!”.