Rəşad Mahmudov : “Allah kəsilən qurbanlarımızı və dualarımızı qəbul etsin! Millətimiz və dövlətimiz var olsun!”
Mili Məclisin deputatı ,Tibb elmləri doktoru,
Əməkdar həkim Rəşad Mahmudov müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi .
“Turanın səsi ” həmin təbriki təqdim edir “:
Əziz həmvətənlər, çox dəyərli dostlar və seçicilərim !
Nəciblik, humanizm, insana sevgi xalqımızın tarixən həyat amalı və üstün yaşam tərzi olub. İslamın ədalət, doğruluq, halallıq, bərabərlik, qardaşlıq kimi ali dəyərləri mənəvi dünyamızı kamilləşdirib, cəmiyyətə ahəng və nizam gətirib.
Tanrı qarşısında şükranlıq, onun yolunda qurban kəsilməsi cəmiyyətdə səxavət paylaşımı və yardımlaşma da məhz İslam dininin hikmətlərindən qaynaqlanaraq həyatımızda ümid, inam, nicat anlayışlarına həmişəyaşarlıq gətirib.
Mübarək Ramazan ayından sonra İslam dünyasının müqəddəs ayini kimi Qurban bayramının təntənə ilə qeyd edilməsi də bu zərurət və tələbatın bəşəri miqyasda gerçəkləşdirilməsi aksiyasıdır.
Bütün müsəlman ölkələrində olduğu kimi, ölkəmizdə də bu ayin Ulu Yaradana bəndəlik borcu kimi duyğu-düşüncələrinin canlı təcəssümü olaraq ümumxalq bayramı kimi qeyd edilir. Müsəlmanların dini qardaşlıq, etiqad həmrəyliyinin rəmzinə çevrilmiş Qurban ayini İslama sədaqətini həmişə səmimi şəkildə nümayiş etdirmiş xalqımızın həyatına yeni bir gözəllik və zənginlik gətirir.
Ölkəmizdə Qurban bayramının dini inanc və ayinlərin qadağan edildiyi yaxın keçmişdə də ellikcə və yüksək əhvalla qeyd edilməsi Allaha, İslama və onun müqəddəs Peyğəmbərinə olan sədaqətin səmimi ifadəsi olmuşdur. İnsanları paklığa, birgəyaşayışa səsləyən Qurban bayramı ümumbəşəri dəyər kimi həm də humanizm aksiyasıdır.
Əsrlər boyu mənəvi dünyamızda yuva qurmuş Qurban təsəvvürləri insanları bir-birinə arxa-dayaq olmağa, ehtiyacı olanlara kömək etməyə çağırış kodeksi olmuşdur. Bu bayramda kimsə ac qalmır, əksinə, hamıya bərabər pay verilir, kasıblar bayram günü mərasimlərə dəvətlilər sırasında olurlar.
Beləliklə, müqəddəs İslam dininin bu mükəmməl ayini hər il barışa, kamilliyə, xeyirxahlığa qapı açmaqla bu dəyərləri kütləviləşdirir, onun davamlılığına növbəti çağırış olur. Müsəlman dünyasının bir hissəsi olan Azərbaycanda da Qurbanın xalqımızın əziz bayram kimi həmişə geniş qeyd edilməsi cəmiyyəti bir daha nəcibləşdirir, könülləri nurlandırır.
Ölkəmiz müstəqilliyinə qovuşandan sonra Qurban bayramı qanunvericiliyə uyğun olaraq Azərbaycanda dövlət səviyyəsində rəsmi bayram kimi qeyd edilir. Məzhəb ayrı-seçkiliyinin olmadığı, İslama sədaqəti hər zaman mənəvi örnək sayılan ölkəmizdə Allaha, onun Peyğəmbərlərinə sonsuz sevgi cəmiyyəti saflaşdırır və onu irəli aparır.
Bayramınız mübarək, dostlar! Qoy xalqımız Allahın imtahanından həzrəti İbrahim kimi həmişə üzuağ çıxsın. Allah kəsilən qurbanlarımızı və dualarımızı qəbul etsin! Millətimiz və dövlətimiz var olsun!
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI