Qubadlı rayonunun Mahruzlu kəndinin təməli qoyulub
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Mahruzlu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
“Turanın səsi ” xəbər verir ki, dövlətimizin başçısına kəndin layihəsi barədə məlumat verilib.
Qeyd olunub ki, kənd Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.
Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Sonra kəndin inkişaf planı barədə videoçarx nümayiş olunub.
Prezident İlham Əliyev Mahruzlu kəndinin təməlini qoyub.