Prezident ona “Milli Qəhrəman” adı verdi
Pəncəli Nurməmməd oğlu Teymurova “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.
“turaninsesi.az ” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.
“Yeni Sabah” Pəncəli Teymurovla bağlı faktları təqdim edir:
Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. O, toyunda özünə şəhidliyin qismət olmasını arzu edib və bu səbəblə də tanınmışlıq qazanıb.
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları — Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak etmiş və 3 aprel 2016-cı ildə döyüşdə həlak olub.
Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilib.
11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.
