Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər ərəfəsində, vahid mərkəzdən verilmiş göstərişlə, total hücumlar, qarayaxmalar başlayır -DEPUTAT
“Müasir dövrün özəlliklərindən biri də odur ki, beynəlxalq münasibətlər sistemində, ayrı ayrı dövlətlərə qarşı hüquqi yox, siyasi baxışlar əsas götürülür. 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionu ətrafında baş verənlər, Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyası, dediklərimin sübutudur”.
“turaninsesi.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Avropa parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən səsləndirib.
Millət vəkili deyib ki, BMT tərəfindən tanınmış torpaqlarımızın azad edilməsinə hüquqi baxımdan heç bir dövlət və yaxud beynəlxalq təşkilat irad bildirmədi:
“Ancaq, siyasi baxımdan fasiləsiz təzyiqlər edilir. Bundan ötrü bütün mümkün vasitələrdən istifadə olunur. Ələlxüsus, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər ərəfəsində, vahid mərkəzdən verilmiş göstərişlə, total hücumlar, qarayaxmalar kampaniyası başlayır. Məqsəd, Azərbaycanın beynəlxalq subyektivliyini məhdudlaşdırmaqdır. Biz, bunun bariz nümunəsini 1-ci Avropa Oyunları və digər beynəlxalq tədbirlər zamanı gördük”.
Millət vəkili qeyd edib ki, bu gün Yaxın Şərqdə, Rusiya-Ukrayna cəbhəsində və s. coğrafiyalarda qanlar tökülür:
“Bunun kökündə isə, yuxarıda qeyd etdiyim kimi, proseslərə siyasi aspektdən yanaşma durur. Millətlərarası, dövlətlərarası münaqişələri, problemləri həll etməli orqan, Birləşmiş Millətlər Təşkilatıdır. Məhz, BMT-ın öz funksiyalarını icra etməməsi üzündən milyonlarla insanın həyatı cəhənnəmə çevrilir. Əgər, BMT kimi universal Təşkilat, Təhlükəsizlik Şurası, konfliklərin həllinə yalnız hüquqi baxımdan yanaşsaydı, dünyada əmin-amanlıq olardı. Sabitliyin pozulmasının kökündə irqi, dini, etnik mənsubiyyəti özündə əks etdirən siyasi baxışlar durur”.