O da Ramiz Mehdiyevi tərifləmişdi-Rektor dünən vəzifədən azad olundu

Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı sərəncamla Şahin Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

turaninsesi.az ” bildirir ki, rektor postu ilə vidalaşan Şahin Əliyev bu vəzifəyə gəlməzdən öncə uzun illər Prezident Administrasiyasında işləyib. Belə ki, o, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib. 2022-ci ilin əvvəllərində aparılan islahatlar çərçivəsində Şahin Əliyevin rəhbərlik etdiyi Hüquq ekspertizası şöbəsi ləğv olunmuş, 19 may 2022-ci ildə isə o, Ədliyyə Akademiyasının rektoru vəzifəsinə təyinat almışdı.

Şahin Əliyev Prezident Administrasiyasıın sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlardan biri kimi tanınıb. Elə onun Adminsitrasiyadakı vəzifəsini itirəndən sonra rektor postuna aparılmasının da Ramiz Mehdiyevin sayəsində baş tutduğu söylənilir. Bu yaxınlarda bəzi KİV-lər və sosial şəbəkələrdə yayılan videokadrda Şahin Əliyevin Ramiz Mehdiyevi tərifləyən görüntüləri əks olunmuşdu. Həmin kadrlarda özünü Mehdiyevin şərəfli kadrı adlandıran Şahin Əliyev “Ramiz müəllimlə 25 ildir ki, tanışıq… 25 illik təcrübə mənim insan kimi formalaşmağımda böyük bir məktəb olub. Bu məktəbin misli yoxdur”, – deyə bildirib.

Bu çıxış sosial şəbəkə platformalarında geniş müzakirələrə səbəb olub. 

Şahin Məhərrəm oğlu Əliyev 1960-cı ildə Bakıda anadan olub. O, Daşkənd Dövlət Universitetinin məzunudur.

1984-cü ildən əmək fəaliyyətinə başlayan Ş.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi işləyib. Buradan pedaqoji işə keçən Ş.Əliyev 1988-89-cu illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub.

1989-cu ildə isə onun dövlət işindəki karyerası başlayıb. Ş.Əliyev həmin il Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilib. 1991-ci ilin yanvarında Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Qanunvericilik və hüquq qaydaları məsələləri üzrə şöbəsində müdirin müavini vəzifəsinə keçib. Daha sonra həmin şöbədə müdirin birinci müavini işləyən Ş.Əliyev 1991-ci ilin sonunda Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunub.

Ş.Əliyev hüquq elmləri namizədidir.

O, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında “Şöhrət” ordeni ilə təltif edilib..

Arzu Paşaqızı