Nəsiminin yeni icra başçısı kimdir? DOSYE
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının bundan əvvəl imzaladığı sənədə əsasən, Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
“turaninsesi.az ” Nəsimi rayonunun yeni icra başçısının tərcümeyi-halını təqdim edir:
Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.
1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olub. “SOS Uşaq Kəndləri — Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunub.
31 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Ailəlidir, 3 övladı var.
Arzu Paşaqızı