Dövlətimizin maliyyə imkanları rezident həkimlərə layiqli maaş verilməsi üçün kifayət qədər genişdir-DEPUTAT

“Keyfiyyətli tibbi xidmətin təmin olunması və bu xidmətin davamlılığının qorunmasında insan resursları həlledici rol oynayır. Bu baxımdan, rezident həkimlər səhiyyə sisteminin əsas sütunlarından biri kimi çıxış edir. Bu yalnız Azərbaycana deyil, inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrə xas olan bir reallıqdır.
“turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rəşad Mahmudov parlamentdə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Millət vəkilinin sözlərinə görə, əgər ali tibb təhsili – baza təhsili – 6-cı səviyyə kimi qəbul olunursa, rezidentura mərhələsi də avtomatik olaraq 7-ci səviyyə kimi qiymətləndirilir. Lakin bu yanaşma beynəlxalq standartlara uyğun deyil:
“Dünyanın tibb sisteminə güvəndiyimiz aparıcı ölkələrində 6 illik tibb təhsili ali ixtisaslaşma mərhələsi kimi 7-ci səviyyə, yəni magistratura və ya ona ekvivalent mərhələ olaraq tanınır. Bu halda isə, rezidentura təhsili təbii olaraq 8-ci səviyyə və ya doktoranturaya ekvivalent pillə hesab olunur. Ölkəmizdə bu sistem fərqli tətbiq olunduğundan, rezidentura mərhələsinin hüquqi statusu qeyri-müəyyən qalır və bu, səhiyyə sistemində aparılan islahatların effektivliyinə mənfi təsir göstərir.”
Deputat qeyd edib ki, ali təhsilin bakalavr səviyyəsini bitirən bir həkim rezidenturada oxuduğu müddətdə nə tam hüquqlu həkim, nə də klassik anlamda tələbə hesab olunur. Bu isə bir çox sosial və hüquqi problemlər yaradır. Nəticədə, bir çox gənc rezident təhsilini xaricdə davam etdirmək yolunu seçir ki, bu da ölkədə həyata keçirilən səhiyyə islahatları üçün strateji təhlükədir.
Deputat əlavə edib ki, hazırda tələbə statusunda olan rezident həkimlərin aylıq maaşı cəmi 400 manatdır:
“Bu, onların xəstəxanalarda çalışan bəzi texniki və yardımçı heyətdən belə daha az maaş alması ilə nəticələnir. Halbuki, bu problem qanunvericiliyə ediləcək sadə dəyişikliklərlə asanlıqla həll oluna bilər. Dövlətimizin maliyyə imkanları rezident həkimlərə layiqli maaş verilməsi üçün kifayət qədər genişdir. Amma hüquqi mexanizmlər və normativ əsaslar bu imkanların reallaşmasına hələ də maneə yaradır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI